Accessibility links

Keçmiş səfir Eldar Həsənovun övladlarının müsadirə olunan əmlakları qaytarılıb


Ali Məhkəmə (foto VOA-arxiv)
Ali Məhkəmə (foto VOA-arxiv)

Hazırda həbsdə olan Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı keçmiş səfiri Eldar Həsənovun kassasiya şikayəti qismən təmin edilib.

Bu barədə Amerikanın Səsinə onun vəkili Cavad Cavadov bildirib.

Onun sözlərinə görə, oktyabrın 20-də Ali Məhkəmədə hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə Həsənovun üç övladının - Anar Həsənov, Emiliya Qurbanova və Səbinə Hüseynovanın əmlakının müsadirə edilməsi haqqında qərarı ləğv edib.

Eyni zamanda sabiq baş prokurorun həyat yoldaşı Elmira Həsənovanın əmlakının bir hissəsinin müsadirəsi barədə qərar ləğv edilib.

"Cəza haqqında hökm isə qüvvədə qalıb və ondan Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət veriləcək" - deyə, Cavadov bildirib.

Vəkil qeyd edib ki, həm Eldar Həsənov haqqında 10 illik cəza hökmü, həm də müsadirə qərarı qüvvədə saxlanılan əmlaklarla bağlı Avropa Məhkəməsinə şikayət göndəriləcək.

Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı keçmiş səfiri Eldar Həsənov 2020-ci il avqustun 13-də vəzifə səlahiyyətlərindən sui-istifadədə və büdcə vəsaitindən təyinatına uyğun olmayan istifadədə şübhəli bilinərək Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

O, 21 yanvar 2022-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə əmlakı müsadirə edilməklə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Keçmiş səfir Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israfetmə, külli miqdarda törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) 308-1.1 (Dövlət büdcəsinin vəsaitindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunub.

Eldar Həsənovla birgə ittiham olunan digər şəxslər barədə cinayət işi ayrıca icraata götürülüb və sonradan onların hamısı barəsində həbs qətimkan tədbiri dəyişdirilib və onlar şərti cəzaya məhkum ediliblər.

Bununla yanaşı, Həsənov həbsdə olarkən xəstəliyi ilə əlaqədar bir neçə dəfə hospitala köçürülüb. Onun üzərində cərrahiyyə əməliyyatı aparılıb. Vəkillərin istintaq müddətində barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətləri təmin edilməyib.

Keçmiş səfir özünü təqsirli bilmir və ittihamları əsassız hesab edir. Eldar Həsənov iddia edir ki, hakimiyyətdə təmsil olunan müəyyən fiqurlar onun siyasi iddiada olması barədə dövlət başçısına yalan məlumat ötürüblər.

Eldar Həsənov 1995-2000-ci illərdə Azərbaycanın Baş prokuroru olub. Baş prokuror vəzifəsindən azad edildikdən sonra Azərbaycanın Rumıniyadakı səfiri təyin edilib. 12 il bu vəzifədə çalışandan sonra 2013-cü ildə Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfir vəzifəsinə təyin olunub.

XS
SM
MD
LG