Accessibility links

Azərbaycanda jurnalist vəsiqəsinin forması təsdiq edilib


Əli Əsədov (Rəsmi foto)
Əli Əsədov (Rəsmi foto)

"Jurnalist vəsiqəsinin forması"nın və "Jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə ödənişin məbləği və həmin vəsaitdən istifadə qaydası" təsdiq edilib.

Bu barədə Azərbaycanın Baş naziri Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən Media Reyestrinə daxil edilmiş jurnalistlərə Medianın İnkişafı Agentliyi tərəfindən jurnalist vəsiqəsi veriləcək.

Məlumata görə, jurnalistlərin könüllülük əsasında Media Reyestrinə daxil edilməsi nəzərdə tutulub.

Bundan əlavə qərarda qeyd edilib ki, jurnalist vəsiqəsinin verilməsinə və dəyişdirilməsinə görə ödənişin məbləği 20 (iyirmi) manat təşkil edəcək.

Bildirilib ki, vəsait dövlətin mülkiyyəti hesab olunur, Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin sərəncamındadır və onun sərəncamçısı dəyişdirilə bilməz.

Vəsait jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə agentliyin bank hesabına edilən ödənişlər hesabına formalaşdırılacaq.

Prezident İlham Əliyev 21 dekabr 2021-ci ildə qəbul edilmiş "Media haqqında qanunun tətbiqi haqqında" fərman imzalayıb. Bu ilin sentyabrın 26-da isə Media Reyestrinin aparılması qaydalarının təsdiq edilməsi bir sıra müstəqil media qurumlarının, jurnalistlərin, redaktorların etirazına səbəb olub. Onlar hesab edir ki, "Media haqqında" qanunun müddəalarından olan reyestrin qəbulu ölkədə söz azadlığının boğulmasına gətirib çıxaracaq.

Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev Amerikanın Səsinə deyib ki, reyestrin müstəqil jurnalistlərə təsiri mənfi olacaq.

Öz növbəsində, Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc Amerikanın Səsinə deyib ki, Media Reyestri bütün başqa sahələrdə mövcud olan hüquqi platformanın və məlumat bazasının təşkili hadisəsidir.

XS
SM
MD
LG