ABŞ dövlət katibi Antoni Blinken iyulun 16-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında Tbilisidə keçirilən görüşü müsbət addım kimi qiymətləndirib.
“Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iyulun 16-da Tbilisidə görüşərək müsbət addım atdılar. Birbaşa dialoq Azərbaycan və Ermənistanın fikir ayrılıqlarının həllinin ən etibarlı yoludur,” dövlət katibi Blinken Twitter səhifəsində bildirib.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iyulun 16-da ilk dəfə ikitərəfli formatda Tbilisidə görüşüb.
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin məlumatına görə, görüşdə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı bir sıra məsələlərə toxunulub.
“Bununla bağlı, hər iki tərəf götürdükləri öhdəliklərin icrasını müzakirə edib, gələcək mümkün addımlar barədə fikir mübadiləsi aparıblar.
Nazir Ceyhun Bayramov qeyd edib ki, bütün səylər iki dövlət arasında silahlı münaqişənin həllindən sonra yaranmış post-münaqişə reallıqları əsasında Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin tənzimlənməsində irəliləyiş əldə olunmasına yönəldilməlidir. Bu kontekstdə Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən imzalanmış Üçtərəfli Bəyanatların bütün müddəalarının icrasının, xüsusilə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasının zəruriliyi vurğulanıb.
Humanitar məsələlərə toxunan nazir Ceyhun Bayramov 4000-ə yaxın itkin düşmüş azərbaycanlının taleyinə aydınlıq gətirilməsinin vacibliyini diqqətə çatdırıb,” məlumatda qeyd edilir.
Nazirlər Azərbaycan və Ermənistan arasında birbaşa dialoqun davam etdirilməsinə əhəmiyyət verdiklərini vurğulayıblar.
Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir ki, görüş zamanı Mirzoyan və Bayramov Ermənistan və Azərbaycan arasında münasibətlərin tənzimlənməsi ilə bağlı geniş spektrli məsələləri müzakirə edib. Bununla əlaqədar tərəflər əvvəllər üzərinə götürdükləri öhdəliklərin yerinə yetirilməsinin gedişatını müzakirə edib və gələcək addımlar barədə fikir mübadiləsi aparıb.
Nazir Ararat Mirzoyan deyib ki, Qarabağ münaqişəsinin siyasi yolla həlli regionda sabit və davamlı sülhə nail olmaq yolunda böyük əhəmiyyət kəsb edir.
Məlumatda bildirilir ki, Ermənistan xarici işlər naziri Qarabağ münaqişəsinin siyasi həllinin regionda sabit və davamlı sülhün əldə edilməsi yolunda böyük əhəmiyyət kəsb etməsi ilə bağlı erməni tərəfinin nöqteyi-nəzərini bir daha təsdiqləyib və bu kontekstdə ATƏT-in Minsk Qrupunun beynəlxalq mandatına uyğun olaraq bu qurumdan və bu qurumun təcrübəsindən istifadənin vacibliyini vurğulayıb.
Mirzoyan humanitar məsələlərin, o cümlədən erməni hərbi əsirlərin azad edilməsi və repatriasiyası, itkin düşənlərin taleyinə aydınlıq gətirilməsi məsələlərinin həllinin vacibliyini deyib.
Görüşdə tərəflərin təmasları davam etdirməyə hazır olduqları qeyd edilib.