Məzhəb basqıları səbəbilə ötən 100 ildə İran Azərbaycanından Türkiyəyə köçən Kürəsünni türkləri iyunun 7-də keçiriləcək parlament seçkilərində AKP tərəfindən namizəd göstərilmədikləri üçün aprelin 11-də Van eli mərkəzində böyük etiraz mitinqi təşkil edib.
Mitinqlə bağlı Türkiyənin Doğan Xəbər Agentliyi məlumat yayıb.
Van elinin yerli qəzetlərinə istinadən, mitinqdə Kürəsünni Düşüncə Platforması adından danışan Fərhad Atacan “bizi heçə sayanları haqq etdikləri şəkildə cəzalandıracayıq, 7 iyun seçkilərində sandığa deyil piknikə gedəcəyik” sözlərini dilə gətirib.
Vanda Sabah internet qəzetinin yaydığı məlumata görə, “Bizlər böyük bir oy potensialımıza qarşın yox sayılmışıq,” deyə söyləyən Fərhad Atacan aprelin 24-ə qədər namizəd siyahısının dəyişməməsi təqdirdə Bələdiyyə Məclisləri və AKP-nin müxtəlif bölmələrində vəzifədə olan Kürəsünni türklərinin istefa edəcəyini, seçkilər günündə isə kürəsünnilərin “sandığa deyil piknikə” gedəcəklərini ifadə edib.
Keçən dönəmlərdə kürəsünnilər Türkiyə Böyük Millət Məclisinə iki nümayəndə göndərməyi bacarsalar da, hazırda TBMM-də kürəsünni millət vəkili yoxdur.
İranın Qərbi Azərbaycan vilayətinin sünni türklərinin bir çoxu, xüsusilə Birinci Dünya Müharibəsindən sonra kollektiv şəkildə Türkiyəyə köçüb. Onların əksəriyyəti Van eli və ilçələrində kürəsünnilərə məxsus kəndlər və məhəllələrdə yaşayır. İranın Qərbi Azərbaycanında isə kürəsünni türkləri əsasən Salmas, Urmiyə, Xoy, Makı, Üşnü və Xana şəhərləri, eləcə də həmin şəhərlərdə yerləşən kürəsünnilərə məxsus kəndlərdə yaşayırlar. Kürəsünni adı tədricən bölgədə yaşayan kürəsünni tayfasından olmayan digər sünni türklərə də verilib.