Accessibility links

Müsavat Partiyası AXCP sədrinin müşavirinin həbsini pisləyir


Musavat Partiyasi
Musavat Partiyasi

Müsavat Partiyası Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müşaviri Məmməd İbrahimin həbsini repressiyaların davamı sayır.

“Beynəlxalq insan haqları qurumlarının və Azərbaycan ictimaiyyətinin siyasi məhbusların azadlığa buraxılacağı ilə bağlı gözləntilərinin olduğu bir zamanda Azərbaycan hakimiyyəti müxalif düşüncəli fəallara qarşı repressiyaları davam etdirir”,Müsavat Partiyasının bəyanatında deyilir.

Bakı şəhər Nərimanov Rayon Məhkəməsi martın 15-də AXCP sədrinin müşaviri M.İbrahimi 3 il azadlıqdan məhrum edib.O AXCP-dən ayrılmış Mikayıl Quliyev adlı şəxsin şikayəti əsasında 2015-ci il sentyabrın 30-da həbs olunub. Mikayıl Quliyevi vurmaqda ittiham olunan Məmməd İbrahimə qarşı Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb. Bir müddət sonra daha iki nəfər - Oruc Vəliyev və Məhəmməd Qurbanov da şikayət verərək bildiriblər ki, insident zamanı Məmməd İbrahim onları da vurub. Bundan sonra Məmməd İbrahimə qarşı ittiham maddəsi ağırlaşdırılıb və CM-in 221.2.2-ci maddəsinə tövsif olunub. Bu maddə iki ilədək islah işləri və ya beş ilədək həbs cəzası nəzərdə tutur.

“AXCP sədrinin müşavirinə qarşı ittihamlar qondarmadır və 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası siyasi repressiya siyasətinin davamıdır”, Müsavat Partiyası bildirir.

Sənəddə M.İbrahimin həbsinin siyasi sifarişlə həyata keçirildiyi qeyd edilir, onun və digər siyasi məhbusların dərhal azad olunması tələb edilir.

Öz növbəsində, Azərbaycan iqtidarı bütün insanların hüquq bərabərliyinin olduğunu və hər hansı insanın siyasi baxışlarına, fikrinə görə təqib olunmadığını bildirir. Dövlət rəhbərləri ölkədə siyasi məhbusların olmadığını bəyan edir.

Bununla yanaşı, yerli hüquq-müdafiə təşkilatları hazırda Azərbaycanda 27-dən 100-dək insanı siyasi məhbus kimi tanıdığını bildirir. Amnesty İnternational ölkədə 30-dan çox insanı “vicdan məhbusu” elan edib.

XS
SM
MD
LG