"Araz və Savalan sözlərini işlətdiyim bölümləri kitabımdan çıxardılar,” deyə güneyli şair və yazar Leyli Xudayi İran Azərbaycanında türk dilində yazılmış ədəbi əsərlərin ciddi nəzarət prosesindən keçdiyini vurğulayır. Təbrizli şair Amerikanın Səsi ilə söhbətdə öz ədəbi yaradıcılığı, o cümlədən ötən illərdə güneydə yaydığı Dumanlı Məktublar kitabı, eləcə də İran Azərbaycanında türk dilində kitab yayanların üzləşdiyi çətinliklərdən danışıb.
Leyli Xudayi Dumanlı Məktublar kitabının Duman adlı bir xarakterə ünvanladığı şeir və mənsur şeir şəklində yazılmış məktublardan ibarət olduğunu deyir:
“Dumanın iki şəxsiyyəti vardır. Bəzən normal bir insandır, səbir daşıdır, onunla dərdləşib və ona hisslərimdən duyğularımdan yazmışam. Çox yerlərdə aşiqanə cümlələrdən istifadə etmişəm.”
“Bir bölümdə də Dumanı bir qurtarıcı kimi təsvir etmişəm,” deyə söyləyən müəllif kitabın xarakterinə ünvanladığı məktublarda ictimai məsələlər o cümlədən, işsizlik, xəstəlik və uşaq gəlinlər kimi mövzulardan söz açdığını deyir.
Dumanlı Məktublar kitabı Təbrizin Ərk nəşriyyatı tərəfindən yayılıb.
Məktubların birində Araz sözünü işlətmişdim, o məktubun tamamını çıxardılar. Savalan sözünün işləndiyi bölümü də həzf etdilər. Bir sıra kəlimələr üzərində çox həssasdırlar, o kəliməni hansı səhifədə görsələr bütün o səhifəni həzf edirlər.Leyli Xudayi
Leyli Xudayi uşaqlıq illərini İranın fars bölgələrində yaşadığı üçün fars dilini türk dilindən daha yaxşı bildiyini, ancaq, təkliyində içindəki səsin ana dilində olub özünü ana dilində daha yaxşı ifadə etdiyini söyləyir.
Güney Azərbaycan və ümumiyyətlə İranda türk dilində ədəbi əsərlər yaymağın çətinliklərindən bəhs edən Xudayi bu çətinliklərin kitabın çap icazəsindən audit və kitabın nəşrinə qədər bütün proseslərdə mövcud olduğunu vurğulayır.
“Məncə fars dilində yazılan kitablar daha yaxşı satılır, çünki bu dildə yazılan roman ya şeir kitabları naşirlər tərəfindən himayə olunur, qəzetlərdə tanıdılıb qiymətləndirilir. Rəsmi dilin farsca olduğuna görə də daha çox satılırlar,” deyə təbrizli yazar İran Azərbaycanında bütün şəraitin fars dilində yazanların xeyrinə olduğunu ifadə edir.
Özünün yaşadığı təcrübələrə işarə edən şairin dediklərinə görə, “İran Azərbaycanında türkcə kitab yaymaq çox çətindir, həm çap icazəsi almaq çətindir, həm də ki, hansı türk dərgisi var ki kitabın haqqında tənqid yazsın və bu vasitə ilə kitabı tanıtsın... buna görə də türkcə kitablar daha az satılır, əslən himayə olunmur..”
Məncə fars dilində yazılan kitablar daha yaxşı satılır, çünki bu dildə yazılan roman ya şeir kitabları naşirlər tərəfindən himayə olunur, qəzetlərdə tanıdılıb qiymətləndirilir. Rəsmi dilin farsca olduğuna görə də daha çox satılırlar.Leyli Xudayi
O, həmçinin kitabların ağır nəzarət prosesindən keçdiyini önə çəkir:
“Məktubların birində Araz sözünü işlətmişdim, o məktubun tamamını çıxardılar. Savalan sözünün işləndiyi bölümü də həzf etdilər. Bir sıra kəlimələr üzərində çox həssasdırlar, o kəliməni hansı səhifədə görsələr bütün o səhifəni həzf edirlər.”
Leyli Xudayi və bir neçə digər iranlı şairin farsca şeirlərinin çexcə tərcüməsi son vaxtlarda Çex Qələm əncüməni (PEN) tərəfindən nəşr edilən bir şeir toplusunda dərc edilib. Təbrizli şair bu yaxınlarda Çexiyada həmin kitabın təqdimatı üzrə keçirilən mərasiminə qatılıb.