Keçən həftə İran prezidenti Həsən Ruhani Azərbaycana səfəri zamanı iki ölkə arasında dərin tarixi-mədəni əlaqələri qeyd edib. Prezident Həsən Ruhaninin Azərbaycana səfərinə güney azərbaycanlılar hansı reaksiya göstəriblər? Onların iki ölkə arasında münasibətlərin yaxınlaşmasına münasibəti necədir? Qərargahı Vaşinqtonda yerləşən Güney Azərbaycan Sosial-Mədəni Araşdırmalar mərkəzi GÜNASKAM-ın baş koordinatoru Davud Turan Amerikanın Səsinə müsahibədə Həsən Ruhaninin Azərbaycana səfərinə İran Azərbaycanında reaksiyaları şərh edib.
“Güney azərbaycanlıların əsas gözləntisi o idi ki, Ruhaninin səfəri zamanı Azərbaycan dövləti güneylilərin məsələsini az da olsa dilə gətirsin"-deyə Davud Turan bildirib. Onun sözlərinə görə, iki ölkə arasında dövlət səviyyəsində münasibətlər bir-birinin işlərinə qarışmamaq prinsipi əsasında qurulsa da, güney azərbaycanlıların qarşılaşdığı problemlər də nəzərdən qaçırılmamalıdır. “Orada bəzi adamlar Azərbaycanın xeyrinə casusluq etmək ittihamı ilə saxlanılıb həbsxanaya salınır. O insanlar milli-mədəni, insani hüquqlarına nail olmaq üçün fəaliyyət göstəriblər və Azərbaycanın casusu olaraq tutulublar”- deyə Davud Turan bildirib.
Onun sözlərinə görə, Azərbaycan İran Azərbaycanında haqları pozulan insanların problemləri ilə bağlı mövqeyini bildirməlidir: “İran dünyada şiələrin haqlarını müdafiə edir, bu, bir dövlət siyasətidir. Azərbaycana da böyük dəstək var, güneylilər Azərbaycanı sevir. Bu insanların sevgisinə qarşılıq verilməlidir.”
Davud Turan prezident Həsən Ruhaninin səfəri zamanı “Araz çayi iki ölkəni daha da birləşdirməlidir” kimi açıqlamalarını da şərh edib. “Araz çayı simvol mənasını daşıyır.... Fikrimcə, Ruhaninin müşavirləri ona deyiblər ki, Araz çayını qeyd etsin... Araz çayı Güney Azərbaycanla Azərbaycanın bölünməsinin bir simvoludur. Güneylə guzeyin ayrılığının simvoludur. Ruhani də bu simvoldan istifadə edərək, Araz çayının “bizi ayırmaq deyil, bir-birimizə yaxınlaşdıracağ”ını deyib. O, bununla simvolu aradan qaldırmaq istəyir.”
Davud Turan güney azərbaycanlıların Azərbaycan və İran İslam Respublikası arasında münasibətlərin yaxınlaşmasına münasibəti ilə bağlı fikirlərini bölüşüb. O, ikitərəfli münasibətlərdə İran azərbaycanlılarının məsələlərinin gündəmə gətirilməsi və xüsusilə də güney azərbaycanlıların haqlarının pozulması ilə bağlı Azərbaycanın mövqeyini bildirməsinin vacibliyini vurğulayıb. “Əgər Güney Azərbaycan məsələsi olmasaydı, İranın Azərbaycanla bağlı siyasəti də fərqli olardı. İran bu gün Bəhreyndə, Yəməndə, İraqda bu ölkələrin işlərinə açıq şəkildə müdaxilə etdiyi kimi, Azərbaycanın da işlərinə qarışa bilər. İran Güney Azərbaycan məsələsini diqqətə alır. Azərbaycan Güney Azərbaycan məsələsinə diqqətə göstərmir, ümid edirəm bundan sonra diqqət ayəracaq”-deyə Davud Turan bildirib.
O, prezident seçilməmişdən öncə Həsən Ruhaninin azərbaycanlıların dil və mədəni problemlərinin həlli ilə bağli vədlər verməsinə baxmayaraq, onun hakimiyyəti dövrü güney azərbaycanlıların vəziyyətində dəyişikliyin olmadığını deyib. Davud Turan nə Azərbaycan dilində təhsil, nə də Urmiya gölünün qurumasının qarşısının alınması haqda verilmiş vədlərin heç birinin yerinə yetirilmədiyini bildirib: “Urmu gölü məsələsi, bizim qəzetlərimizin çıxması, Azərbaycan dilində bir qurumun yaradılması kimi heç bir məsələdə bir addım atılmayıb. Azərbaycanda heç bir dəyişiklik olmayıb, Ruhani sadəcə boş vədlər verib və o boş vədlərin heç birini yerinə yetirməyib.”