Accessibility links

Güneydən Türkiyəyə köçən Kürəsünni türkləri mədəniyyət dərnəyi qurub


Tarix və Kültür Araşdırma Dərnəyi Türkiyənin Van şəhərində fəaliyyətə başlayıb

Van elinin yerli qəzetlərinə istinadən, sünni məzhəbli olduqları üçün ötən 100 ildə İran Azərbaycanından zorla köç etdirilən kürəsünni türkləri Van şəhərində Kürəsünnilər Tarix və Kültür Araşdırma Dərnəyi təsis ediblər.

“Sünni olduqları üçün məzhəblərindən dolayı İrandan zorla köç etdirilən, dışlanmışlığı, ötəkiləşdirilməyi və məzlum bir xalq olmağı iliklərinə qədər yaşayan kürəsünnilər, kiçimsənmə zəncirlərini qıraraq, “Bir Xalqın Oyanışını” aradan keçən 100 il sonra xalqlarla bütünləşərək paylaşmaq istəyir,” deyə Gazete Van adlı internet qəzeti dərnəyin quruluşu ilə bağlı xəbər yayıb.

Kürəsünnilər Tarix və Kültür Araşdırma Dərnəyi adını daşıyan qurumun idarə heyəti başqanlığına Oqtay Aslantaş təyin edilib.

Ailəsi əslən güneyin Salmas şəhərindən olan Oqtay Aslantaş ötən ilin dekabr ayında Amerikanın Səsi ilə söhbətdə Van elində kürəsünni türklərinin azalmağa başladığını dilə gətirmişdi. Onun dediklərinə görə, buna baxmayaraq Van şəhərində kürəsünni cəmiyyəti öz siyasi önəmini hələ də qorumuşdur.

Ötən illər kürəsünnilər Türkiyə Böyük Millət Məclisinə iki nümayəndə göndərməyi bacarsalar da, hazırda TBMM-də kürəsünni millət vəkili yoxdur, amma yerli məclislərdə kürəsünni cəmiyyətini təmsil edən nümayəndələr mövcüddür.

Oqtay Aslantaş ilə birlikdə Mehmet Biçer, Ferhat Atacan, Turgut Güleşçe, Sekçuk Yürektürk, Bilal Yücebaş və Mehmet Özaltun Kürəsünnilər dərnəyinin idarə heyətində yer alıb.

Qərbi Azərbaycanın sünni türklərinin bir çoxu, xüsusilə Birinci Dünya Müharibəsindən sonra kollektiv şəkildə Türkiyəyə köçüb. Onların əksəriyyəti Van eli və ilçələrində kürəsünnilərə məxsus kəndlər və məhəllələrdə yaşayır.

İranın Qərbi Azərbaycanında isə kürəsünni türkləri əsasən Salmas, Urmiyə, Xoy, Makı, Üşnü və Xana şəhərləri, eləcə də həmin şəhərlərdə yerləşən kürəsünnilərə məxsus kəndlərdə yaşayırlar. Kürəsünni adı tədricən bölgədə yaşayan kürəsünni tayfasından olmayan digər sünni türklərə də verilib.

XS
SM
MD
LG