Accessibility links

Blogerin bacısı: Mehman təcridxanada intihar edib (Yenilənib)


Mehman Qələndərov
Mehman Qələndərov

1 saylı Bakı İstintaq Təcridxanasında (Kürdəxanı təcridxanası) saxlanılan bloger Mehman Qələndərov aprelin 28-də intihar edib. O, kamerada özünü döşək ağı ilə asıb. Bu barədə hüquq müdafiəçiləri öz facebook səhifələrində yazıb.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsi yayılan xəbərləri Amerikanın Səsinə təkzib edib.

“1 saylı Bakı İstintaq Təcridxanasının rəhbərliyi ilə əlaqə saxlamışıq. Bildirib ki, yayılmış məlumatlar tam yanlış və yalandır. Mehman Qələndərov sağ-salamatdır. Heç bir şikayəti də yoxdur”, ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Amerikanın Səsinə bildirib.

Öz növbəsində, Mehman Qələndərovun bacısı Mərziyyə xanım qardaşının intihar etdiyini Amerikanın Səsinə təsdiq edib.

“Biz hələ intiharın səbəbini bilmirik. Həyat yoldaşım onun cəsədini morqdan götürmək üçün gedib”, o qeyd edib.

Mehman Qələndərov Milliyyətçi Demokrat Partiyasının fəalı olub.

Milliyyətçi Demokrat Partiyasının sədri Qələndər Muxtarlı Amerikanın Səsinə deyib ki, bu gün saat 14 radələrində Mehman Qələndərovun cəsədini Sabunçu rayonundakı xəstəxananın morqunda özü görüb.

“Bu gün səhər təcridxanada Mehmanla görüşməli idik. Mənə zəng edib onun rəhmətə getdiyini dedilər. Özüm morqa getdim, onun üzünü açdırdım baxdım, boğazındakı kəndir izini, bədənindəki zədələri, tikişləri öz gözlərimlə gördüm. Bacısının həyat yoldaşı Yaqub onun cəsədini morqdan götürdü”, Muxtarlı Amerikanın Səsinə deyib.

2017-ci il fevralın 7-də M.Qələndərovun barəsində üç aylıq həbs qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 234.2-ci maddəsilə (Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) ittiham olunub.

Həbs günü M.Qələndərov Facebook səhifəsində yazmışdı: “Hamımız Qiyas (Heydər Əliyevin abidəsinə şüar yazan Qiyas İbrahimov nəzərdə tutulur. Bundan sonra 10 il azadlıqdan məhrum edilib) kimi olaq. Qul olma!”

Bir saatdan sonra polis əməkdaşları M.Qələndərovun kirayədə yaşadığı mənzilə gələrək onu tutublar.

Nəsimi Rayon Məhkəməsi M.Qələndərovu istintaq müddətində 3 ay həbs edib.

M.Qələndərov 1977-ci il mayın 23-də Bakıda anadan olub. Dövlət İdarəetmə Akademiyasını psixologiya ixtisası üzrə bitirib. Fəlsəfə, Sosiologiya, Politologiya Kollecində 10 ildən çox dərs deyib.

Bakı və Tbilisidə hökumət əleyhinə mitinqlərdə iştirak edib.

2016-cı il sentyabrın 26-da Tbilisidə Azərbaycan səfirliyinin qarşısında “Biz kral istəmirik!” şüarı ilə keçirilən aksiyanın təşkilatçılarından biri olub.

Sosial şəbəkələrdə hakimiyyəti tənqid edib, ölkə rəhbərliyinin karikaturalarını çəkərək Facebook səhifəsində dərc edib.

XS
SM
MD
LG