Accessibility links

Şanxayda səfərdə olan Blinken ABŞ-la Çin arasında "birbaşa" və "davamlı əlaqə"nin zəruriliyini vurğulayıb


ABŞ dövlət katibi Antoni Blinken 1000-dən çox ABŞ şirkətinin yerləşdiyi Şanxayda ilk rəsmi görüşü zamanı Birləşmiş Ştatlar və Çin arasında "birbaşa" və "davamlı əlaqə"nin zəruriliyini vurğulayıb.

Cümə axşamı səhər Blinken Çin Kommunist Partiyasının Şanxay üzrə katibi Çen Tsininlə danışıqlar aparıb. Yüksək rütbəli yerli məmur Çen Çin Kommunist Partiyası Siyasi Bürosunun üzvüdür.

Blinken "real olan fərqləri" ortaya qoyacağını, lakin "onların üzərində işləməyə" və "bacardığımız yerdə əməkdaşlıq qurmağa" çalışacağını deyib.

Dövlət katibini Şanxay şəhərinin Böyük Salonlarında salamlayan Çen tərcüməçi vasitəsilə deyib ki, diplomatik əlaqələrin qurulmasından bəri iki ölkə arasında münasibətlər heç də həmişə hamar olmayıb, həmişə “enişlər və dönüşlər” olub, “amma ümumilikdə bu, tarixi inkişafla irəliləyib və irəliləməkdə davam edir”.

Blinken sonuncu dəfə Şanxayda 2015-ci ildə dövlət katibinin müavini vəzifəsində işləyərkən olub.

"Konstruktiv və səmimi fikir mübadiləsində dövlət katibi Çin Xalq Respublikasının ticarət siyasəti və qeyri-bazar iqtisadi təcrübələri ilə bağlı narahatlıqlarını dilə gətirib. O, ABŞ-ın Çinlə sağlam iqtisadi rəqabət, Çində fəaliyyət göstərən ABŞ işçiləri və şirkətləri üçün eyni şərait yaratmağa çalışdığını vurğulayıb." Bu barədə Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib.

Şanxaydakı Nyu York Universitetinin (NYU) amerikalı və çinli tələbələri ilə görüş zamanı Blinken tələbə, alim və biznes arasında mübadilənin genişləndirilməsinin vacibliyini vurğulayıb.

O, "əmin olmalıyıq ki, biz bir-birimizlə danışırıq, bir-birimizi eşidirik, bir-birimizi başa düşürük" deyib.

Cümə axşamı Blinken Şanxaydakı Amerika Ticarət Palatasında iş adamları ilə görüşərək, dünyanın iki ən böyük iqtisadiyyatının üzləşdiyi bir sıra ticarət məsələlərinin həllindən danışıb.

Blinken Şanxaya getməzdən bir gün əvvəl Dövlət Departamentinin insan haqları praktikasına dair illik hesabatını təqdim edib. Həmin hesabatda Çin Xalq Respublikası hökumətinin Sincanda uyğurlara və digər müsəlman azlıqlara qarşı soyqırım və insanlığa qarşı cinayətlər törətməkdə davam etdiyi deyilib. Blinken jurnalistlərə bildirib ki, Pekin hökuməti qarşısında insan haqları məsələsini qaldıracaq.

Blinkenin cümə günü günortadan sonra Pekində Çin prezidenti Si Cinpinlə görüşəcəyi gözlənilir.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Azərbaycan mətbuat azadlığı indeksində 13 pillə geriləyib
please wait

No media source currently available

0:00 0:13:30 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG