Accessibility links

Qubad İbadoğlunun qızı atasının səhhətinin həddindən artıq pisləşdiyini bildirir


Qubad İbadoğlu (Gubad Ibadoghlu)
Qubad İbadoğlu (Gubad Ibadoghlu)

Aprelin 21-də Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının həbsdə olan sədri Qubad İbadoğlunun qızı Jalə Bayramova atasının səhhətinin pisləşdiyini bildirib. Onın sözlərinə görə, həbsxanaya məhkum edildiyi son 9 ayda atasının qan şəkəri düşmür və nəticədə ayaq dırnaqlarında qaralmalar var və sol ayağında bir barmağında dırnaq bütövlüklə ətdən ayrılmaq təhlükəsindədir.

"Həbsxana şəraitində o, yaraya qulluq edə bilməz və əgər yara çirk versə onun barmaq və ayağını amputasiya edilə bilər. Bundan əlavə atamın əllərində, xüsusilə ayaqlarında periferik sinirlərin zədələnməsi (polineyropatiya) baş verib və hamısı yüksək şəkərin fəsadlarıdır. 10 gündən artıqdır ki, bu barədə Bakı İstintaq Təcridxanasının Tibbi-Sanitar Hissəsinə məlumat versək də, Ədliyyə Nazirliyinin həkimləri tərəfindən heç bir tədbir görülmür", deyə o, qeyd edib.

Jalə Bayramova deyib ki, yüksək şəkər atasının görməsində də problemlər yaradıb, onun yaxın və uzaq görməsi kəskin şəkildə zəifləyib.

"Bundan əlavə, gözlərinin önündə torlar əmələ gəlib. Bu da, çox təəssüf ki, qanda yüksək şəkərin gözün torlu qişasını (retinanı) zədələməsi (retinopatiya) deməkdir və bu geri dönüşü olmayan bir prosesdir. Əgər təcili atamın göz dibinin müayinəsi həyata keçirilərək ona müvafiq müalicə (gözdaxili inyeksiyalar və ya lazer fotokoaqulyasiyası) təyin edilməsə, o görmə qabiliyyətini tamamilə və birdəfəlik itirə bilər. Atam heç vaxt insulindən istifadə etməmişdi, indi isə bir sutkada 30 vahid insulin və əlavə bir neçə tabletka qəbul edir, lakin dərmanın heç bir xeyri yoxdur", o bildirib.

Jalə Bayramova atasının səhhəti ilə bağlı təcili tədbirlər görməsini tələb edir.

Penitensiar Xidmətdən məsələ ilə bağlı mövqe almaq mümkün olmayıb.

Ötən il iyul ayında Nərimanov Rayon Məhkəməsi Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu barədə həbs qətimkan tədbiri seçib. Qubad İbadoğlu 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1-ci (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur. İki ittiham üzrə onu 17 ilədək həbs gözləyir.

Azərbaycan Daxili İşlər Nazirliyi Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib. Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir.

Bir sıra ölkələr və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri İbadoğlunun həbsdən azad edilməsi üçün çağırışlar edib.

Forum

XS
SM
MD
LG