Accessibility links

G7 ölkələri Azərbaycan və Ermənistanı sülh prosesinə sadiq qalmağa çağırıblar


Böyük Yeddilər (G7) qrupu ölkələrinin xarici işlər nazirləri aprelin 19-da İtaliyanın Kapri adasındakı görüşün yekununa dair yaydıqları bəyanatda Azərbaycan və Ermənistanı gücdən istifadə etməmək, suverenliyə hörmət, sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyü prinsiplərinə əsaslanan ləyaqətli və davamlı sülhə nail olmaq üçün sülh prosesinə tam sadiq qalmağa çağırıblar.

“Biz tərəflərin 2023-cü il dekabrın 7-də qəbul etdikləri Birgə Bəyanatı xatırlayır və onları gələcək qarşılıqlı fəaliyyətlərində bu əməkdaşlıq ruhunu qorumağa çağırırıq. Növbəti eskalasiya qəbuledilməz olardı”, bəyanatda qeyd edilir.

Bəyanatda həmçinin Azərbaycan beynəlxalq humanitar hüquq çərçivəsində üzərinə götürdüyü öhdəliklərə tam əməl etməyə və öz evlərinə qayıtmaq istəyən qaçqın və köçkünlərin təhlükəsiz, ləyaqətli və davamlı qayıdışını təmin etmək üçün müvafiq addımları təşviq etməyə çağırılır.

Nazirlər G7 və üzv ölkələrin Azərbaycan və Ermənistan arasında gələcək konstruktiv təmaslara vasitəçilik etməyə hazır olduqlarını, bu baxımdan Aİ və ABŞ-ın səylərini təqdir etdiklərini bildiriblər.

“Biz Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdığı 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliyin vacibliyini bir daha bildiririk. Biz daha geniş regional əməkdaşlığı və bütün sərhədlərin, o cümlədən Ermənistanla Türkiyə arasındakı sərhədin yenidən açılmasını təşviq edirik”, sonda bəyanatda vurğulanır.

Azərbaycan və Ermənistan ötən il dekabrın 7-də ikitərəfli danışıqların nəticəsi olaraq qarşılıqlı şəkildə hərbçilərin azad edilməsi və etimad quruculuğu istiqamətində addımların atılmasına dair razılaşma əldə ediblər.

Aprelin 19-da isə Azərbaycan və Ermənistan müvafiq olaraq Qazax və Tavuş rayonları arasındakı sərhəd seqmentinin delimitasiyası və delimitasiya prosesini 1991-ci il Almatı bəyannaməsi əsasında davam etdirmək barədə razılıq əldə ediblər.

Forum

XS
SM
MD
LG