Avropa Parlamenti gələn həftə Strasburqda keçiriləcək plenar iclasında Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı təqibləri, jurnalist və hüquq müdafiəçilərinin həbsini müzakirə edəcək.
Parlamentin insan hüquqlarının, demokratiyanın və qanunun aliliyinin pozulması hallarına dair təcili debatlar proseduru üzrə keçiriləcək müzakirələr həftənin çərşənbə günü baş tutacaq.
Aprelin 25-də cümə axşamı “Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı repressiyalar və Dr. Qubad İbadoğlu və İlhamiz Quliyevin işi” başlıqlı qətnamə layihəsi səsverməyə çıxarılacaq.
Avropa Parlamenti bundan əvvəl ötən ilin sentyabrında qəbul etdiyi qətnaməsində Qubad İbadoğlunun və digər siyasi məhbusların sərbəst buraxılmasına, Azərbaycanda insan hüquqlarını kobud şəkildə pozan məmurlara qarşı hədəfli sanksiyalar tətbiq edilməsinə çağırıb.
Çərşənbə günü axşam saatlarında baş tutacaq müzakirələrdə Azərbaycanda son aylarda kütləvi jurnalist həbsləri, Abzas Media, Toplum TV işləri ilə bağlı məsələ qaldırılacağı gözlənilir.
Avropa Parlamentinin bir qrup deputatı dekabr ayında Azərbaycanda həbs edilən jurnalistlərə dəstəklərini ifadə edib, Azərbaycan hakimiyyətini həbsdə olan jurnalistləri azad etməyə, müstəqil mediaya qarşı təzyiqlərə son qoymağa çağırıblar.
Ötən ilin iyulunda həbs edilən Qubad İbadoğlu barəsində aprelin 17-də yekun ittiham edilib. Dini ekstermizm və saxta pul kəsməkdə ittiham edilən İbadoğlunu 17 ilədək həbs cəzası gözləyir. Ancaq o, ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir. Yaxınları Qubad İbadoğlunun həbsini Azərbaycanda yüksək vəzifəli məmurların korrupsiyasına dair araşdırmaları ilə əlaqələndirir.
Hüquq müdafiəçisi İlhamiz Quliyev isə dekabrın 4-də narkotik ittihamı ilə həbs edilib. Yerli insan hüquqları qruplarının fikrincə, onun həbsinin səbəbi Abzas Mediaya verdiyi müsahibədir. Quliyev siyasi fəalları təqib etmək üçün polisin “sənədləşdirilməmiş narkotik maddələrdən” istifadə etməsindən danışıb.
Forum