Accessibility links

Avropa Şurasında Azərbaycanın AŞPA-ya qayıtma məsələsi müzakirə edilir


Avropa Şurasının Strasburqdakı qərargahı
Avropa Şurasının Strasburqdakı qərargahı

Avropa Şurası Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri, Lixtenşteynin xarici işlər naziri Dominik Hasler Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinə dair məsələnin Nazirlər Komitəsində də bir neçə dəfə müzakirə olunduğunu deyib.

“Azərbaycan təşkilatın tamhüquqlu üzvüdür, digər üzv dövlətlərlə eyni hüquqlara və təbii ki, Avropa Şurasının standartlarına cavab vermək, o cümlədən mülki və siyasi hüquqlar baxımından da eyni öhdəliklərə malikdir. Əlbəttə, əmin ola bilərsiniz ki, Nazirlər Komitəsi davamlı olaraq ümumi həll yolu tapmaq üçün bu dialoqa davam edəcək”, Dominik Hasler AŞPA-nın yaz sessiyasında deputatların suallarını cavablandırarkən qeyd edib.

Lixtenşteynli nazir əlavə edib ki, 2001-ci ildə üzv olduqdan sonra Azərbaycan demokratik keçid prosesində Avropa Şurasının dəstəyindən yararlanıb. Avropa Şurası da öz növbəsində dəyərlərinin təbliği və əhatə dairəsinin genişləndirilməsi üçün Azərbaycanın verdiyi töhfədən bəhrələnib.

“Bu, sərhədsiz, qarşılıqlı faydalı əməkdaşlıqdır. Şübhəsiz, iş hələ yarımçıqdır və əlbəttə, ciddi təkmilləşdirmələr, islahatlar zəruridir. Düşünürəm ki, bizim bir-birimizə ehtiyacımız var və ümid edirəm ki, Azərbaycanın nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq ki, əməkdaşlıq və dialoq bizi birləşdirən dəyərlər naminə davam etsin”, Hasler bildirib.

Avropa Şurası Azərbaycanın AŞPA-ya qayıtma məsələsini müzakirə edir
please wait

No media source currently available

0:00 0:02:57 0:00


AŞPA üzvlərinin Qarabağ ermənilərinin geri qayıtması və erməni məhbuslarla bağlı sualına cavab olaraq Nazirlər Komitəsinin sədri qeyd edib ki, “Ermənistan üçün onlar hərbi əsir, Azərbaycan üçün adi cinayətkardırlar. Nə olurlar olsunlar, onlar insandırlar və Avropa Şurasının bütün müvafiq konvensiyaları ilə müdafiəsinə tabedirlər. Buna görə də onlarla uyğun şəkildə davranılmalıdır”.

Bu həftə Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv olmasından bəri ilk dəfə AŞPA sessiyası azərbaycanlı deputatların iştiakı olmadan keçirilib.

Azərbaycanın nümayəndə heyətinin səlahiyyətləri yanvar ayında baş tutan qış sessiyasında ratifikasiya edilmədiyi üçün onların Assambleyadakı iştirakı dondurulub. AŞPA bunu Azərbaycanda insan hüquqlarının vəziyyətinin kəskin şəkildə pisləşməsi, Azərbaycanın öhdəliklərini yerinə yetirməməsi və qurumla əməkdaşlıq etməməsi ilə əlaqələndirib.

Azərbaycan tərəfi bu addımı Azərbaycana qarşı aparılan qərəzli kampaniyanın bir hissəsi olduğunu qeyd edib.

“Bəzi qərəzli qruplar AŞPA-nın əsas prinsiplərindən öz dar maraqları üçün sui-istifadə edirlər. AŞPA-da siyasi korrupsiya, ayrı-seçkilik, etnik və dini nifrət, ikili standartlar, təkəbbür, şovinizm üstünlük təşkil edən praktikaya çevrilib”, Azərbaycanın nümayəndə heyəti məsələ ilə bağlı bəyanatında bildirib.

AŞPA-dakı fəaliyyətinin dayandırılmasına baxmayaraq, Azərbaycan Avropa Şurasının tamhüquqlu üzvü olmaqda qalır, Nazirlər Komitəsində və Avropa Şurasının digər orqanlarında fəaliyyətini davam etdirir. Azərbaycanın nümayəndə heyətinin geri qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyini daha əvvəl Amerikanın Səsinə AŞPA-dakı digər mənbələr də təsdiqləyib.

AŞPA-nın Azərbaycan üzrə məruzəçisi, norveçli deputat Liz Kristoffersen Azərbaycanı Assambleyada görmək istədiklərini, bunun üçün Nazirlər Komitəsində danışıqlar getdiyini və Azərbaycanın müəyyən güzəştlərə getməli olduğunu deyib.

Sözügedən güzəştlərin nədən ibarət olması, AŞPA-nın hansı şərtlər irəli sürməsi ilə bağlı suala cavab olaraq Kristoffersen qeyd edib ki, “Azərbaycan hakimiyyəti Assambleya ilə əməkdaşlıq etməli, həmməruzəçilərin ölkədə sərbəst fəaliyyətinə, o cümlədən həbsxanaları ziyarət etmələrinə şərait yaratmalıdır. Azərbaycan həmçinin insan hüquqları sahəsindəki öhdəliklərini yerinə yetirməlidir”.

Yanvar ayında Azərbaycanın nümayəndə heyətinin etimadnaməsinin qəbul edilməməsi üçün təşəbbüs irəli sürən AŞPA-nın Almaniyadan olan deputatı Frank Şvabe isə ötən aylar ərzində mahiyyətcə dəyişən heç nəyin olmadığını, əksinə Azərbaycanda siyasi məhbusların sayının artdığını qeyd edib. Almaniyalı deputat həmçinin Toplum TV-yə qarşı cinayət işinə diqqət çəkib.

“Heç kim onların geri qayıtmasına qarşı deyil, hətta onların bir ildən daha tez geri qayıtmaları üçün yol tapa bilərik. Söhbət mahiyyətdən gedir, mahiyyət isə Azərbaycanda siyasi vəziyyətin getdikcə pisləşməsidir. Xüsusən də iqlim dəyişikliyi konfransı ərəfəsində daha çox siyasi məhbusun olduğunu, Toplum TV-yə hücumu və digər məsələləri görürük”, Şvabe Amerikanın Səsinə deyib.

Azərbaycan polisinin martın 6-da Toplum TV-nin ofisində axtarış keçirərək jurnalistləri həbs etməsini daha əvvəl AŞPA-nın “Azərbaycanda jurnalistlərin və insan haqları müdafiəçilərinin həyatı və təhlükəsizliyinə təhdidlər” üzrə məruzəçisi Hanna Bardell də pisləyib.

“Mən Azərbaycan hakimiyyətini həbsdə olan jurnalistləri və hüquq müdafiəçilərini dərhal azad edərək Parlament Assambleyası ilə dialoq yoluna qayıtmağa çağırıram”, Bardell vurğulayıb.



Digər tərəfdən, Azərbaycanın AŞPA-dakı təmsilçiliyinin dayandırılmasından bəri bir sıra ölkə, o cümlədən Türkiyə və Moldova azərbaycanlı deputatların geri qaytarılması üçün çağırış edib.

“Biz Türkiyə Böyük Millət Məclisi (TBMM) olaraq, AŞPA-nı dəstəklədiyi prinsipləri qətiyyətlə müdafiə etməyə, bölücü deyil, birləşdirici platforma olmağa və Azərbaycan Respublikasının nümayəndə heyətinin səlahiyyətlərini təsdiq etməyə çağırırıq”, Türkiyə Parlamenti fevral ayında yaydığı bəyanatda qeyd edib.

Fevral ayında Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan nümayəndə heyətinin hüquqlarının bərpa edilməli olduğunu, əks halda Azərbaycanın Avropa Şurası və Avropa Məhkəməsində iştirak məsələsinə yenidən baxılacağını deyib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Zelenski Rusiyanın hücumu fonunda Xarkivə səfər edib
please wait

No media source currently available

0:00 0:12:03 0:00
XS
SM
MD
LG