Accessibility links

Pol Qobl: Rusiya qüvvələrinin Azərbaycandan çıxarılması Moskvanın Cənubi Qafqazda təsirini daha da azaldır


Pol Qobl: Rusiya qüvvələrinin Azərbaycandan çıxarılması Moskvanın Cənubi Qafqazda təsirini daha da azaldır
please wait

No media source currently available

0:00 0:08:56 0:00

Rəsmi Bakı və Moskva aprelin 17-də Rusiyanın sülhməramlı kontingentinin Qarabağdan çıxarılması prosesinə başlanıldığını bəyan edib. Moskvanın öz qüvvələrini Azərbaycandan çıxarması regionun gələcəyi və Rusiyanın Cənubi Qafqazda planları ilə bağlı müzakirələrə yol açıb. ABŞ-ın keçmiş Sovet İttifaqında milli məsələlər üzrə keçmiş müşaviri və Avrasiyada etnik və dini məsələlər üzrə ekspert Pol Qobl Amerikanın Səsinə müsahibədə Rusiya qüvvələrinin Azərbaycandan çıxarılmasının regional təsirləri, Moskvanın Cənubi Qafqazda hədəfləri, Ukraynada və Yaxın Şərqdə münaqişələrin regional güclərin roluna təsirini şərh edib.

Amerikanın Səsi: Kreml Rusiya sülhməramlılarının 2025-ci ilin noyabrında mandatı bitməmiş Qarabağdan çıxarılmasını təsdiqləyib. Rusiya mediasında hərbi qüvvələrin və hərbi texnikanın regiondan çıxarılmasının görüntülərini yayımlanıb. Azərbaycan prezidentinin müşavirinin bildirdiyinə görə, bu qərar hər iki ölkənin liderləri tərəfindən qəbul edilib. Rusiya qüvvələrinin Qarabağdan çıxarılması barədə sizin fikirləriniz nədən ibarətdir? Sizin fikrinizcə, Moskvanın bu addımına nə səbəb olub?

Pol Qobl: Bu xəbər məni çox sevindirdi. Rusiya qüvvələri heç vaxt orada yerləşdirilməməli idi. Onları sülhməramlılar kimi qələmə vermək olmaz. Onlar sülhməramlılar rolunu oynamayıblar və orada olduqları müddətdə hər iki tərəfin atışmalarına mane olmayıblar. Buna görə də onların 2025-ci ildə müddətinin bitməsindən çox əvvəl çıxarılması əla xəbərdir.

Mən hesab edirəm ki, bu, artıq öz ərazisində xarici qoşunların olmadığı Azərbaycanın şübhəsiz böyük qələbəsidir. Bu, Rusiyanın Cənubi Qafqazda təsirini daha da azaldır. Ancaq fikrimcə, biz bunun niyə baş verdiyini tam olaraq başa düşməliyik.

Hesab edirəm ki, bu, ona görə baş verir ki, Rusiya Ukraynada aqressiv müharibəsi üçün qüvvələr toplamağa çalışır və burada kimin saymasından asılı olaraq 2500-4000 arasında əsgəri qüvvə var. Bu, onlara Ukraynaya daha çox qüvvə yerləşdirmək üçün əhəmiyyətli stimul verir.

Mən, əlbəttə ki, buna görə məyus oluram. Lakin mən çox sevinirəm ki, Azərbaycanın indi sərhədlərində xarici qüvvələr, xüsusən də Rusiya qüvvələri yoxdur və bu, Azərbaycanın həqiqətən başqasına tabe olmadan müstəqil ölkə olmaq istəyinin gerçəkləşməsi demək olacaq.

Amerikanın Səsi: 1990-cı illərdən bəri son 30 il ərzində ilk dəfə idi ki, Rusiyanın Cənubi Qafqazın hər üç ölkəsində hərbi qüvvəsi var idi. İndi Rusiyanın Qarabağdan çıxması regionun gələcəyi və Moskvanın Cənubi Qafqazda planları ilə bağlı müzakirələrə yol açıb. Rusiya qüvvələrinin çıxarılmasının regional təhlükəsizliyə, xüsusən də Azərbaycan və Ermənistan arasında davam edən sülh danışıqlarına hansı təsirləri olacaq?

Pol Qobl: Sizin də düzgün olaraq qeyd etdiyiniz kimi, Ermənistanda hələ də Rusiyanın qüvvələri mövcuddur. Gürcüstanın Rusiya tərəfindən işğal olunmuş ərazilərində, Cənubi Osetiyada Rusiyanın qüvvələri var.

Mənim təxminlərimə görə, rusların Azərbaycan ərazisindən çıxması qərarı Ermənistanda bir neçə il ərzində Gümrüdəki Rusiyanın hərbi bazasının bağlanması, eləcə də ölkənin xarici sərhədlərini qoruyan Rusiya sərhədçilərinin çıxarılması üçün təzyiqləri artıracaq. Ona görə də düşünürəm ki, bu, baş verəcək ilk şeydir.

Gürcüstanda məsələ bir az fərqlidir. Gürcüstanın Rusiyanın nəzarətində olmayan ərazilərində Rusiya bazaları yoxdur. Beləliklə, bu bir az fərqlidir. Rusiya qoşunlarının oradan çıxması üçün Cənubi Osetiya və Abxaziyanın statusunda ciddi siyasi dəyişiklik olmalıdır. Cənubi Qafqazın geosiyasəti ilə bağlı daha ümumi məsələyə gəldikdə, mənə elə gəlir ki, Rusiya qüvvələrinin ölkədən getməsi Türkiyənin Azərbaycanla Türkiyə hərbi qüvvələrinin Azərbaycanda baza və ya təlim mərkəzləri kimi yerləşdirilməsi ilə bağlı danışıqları gücləndirməsinə yol açacaq. Mən eyni zamanda düşünürəm ki, bu, Fransanın Ermənistana dəstəyini nümayiş etdirmək üçün Ermənistana müəyyən qədər məhdud qüvvə göndərə biləcəyi ehtimalına da yol açacaq.

Beləliklə, qarşıdakı həftələr və aylarda çoxdan gözlənilən bu qərarın müxtəlif təsirlərə malik olacağı ehtimalları var. Bunlar haqqında danışmaq mümkün deyil, çünki bu, hadisələrin baş vermə ardıcıllığından və nə qədər sürətlə baş verməsindən asılıdır.

Amerikanın Səsi: Rusiya prezidenti Vladimir Putinin beşinci dönəm hakimiyyəti dövründə Ukrayna və qonşu ölkələrdə daha aqressiv xarici siyasət yürüdəcəyi ilə bağlı narahatlıqlar artmaqdadır. Bəziləri Rusiyanın öz məqsədlərinə çatmaq üçün hərbi gücə əl atıb-atmayacağını sual edir. Sizin bu məsələyə münasibətiniz necədir?

Pol Qobl: Aydındır ki, cənab Putin təkcə Ukraynada deyil, başqa yerlərdə də aqressiv xarici siyasət yürütməkdə qərarlıdır. Amma burada cənab Putinin razılaşdığı şeylərin baş verməsinin nümunəsi Rusiyanın imkanlarının hüdudlarını göstərir. Bəli, mən şübhə etmirəm ki, Azərbaycandan çıxarılan qüvvələr Putinin oradakı məqsədlərinə çatmaq üçün Ukraynaya yerləşdiriləcək. Və mən şübhə etmirəm ki, o, Ukraynada dayandırılmasa, bunu başqa yerdə etməyə çalışacaq. Lakin Rusiyanın qücü hədsiz deyil. Və hamı bunu başa düşür. Putin Qarabağdan qüvvələri düzgün iş görmək istədiyi üçün çıxarmadı. O, başqa yerdə gücə ehtiyacı olduğu üçün onları geri çəkdi. Və bu, Rusiyanın cənab Putinin aqressiyasını dəstəkləmək qabiliyyətinin çoxlarının düşündüyündən qat-qat az olduğuna işarədir.

Amerikanın Səsi: Siz bundan öncə Türkiyəni qeyd etdiniz. Daha bir regional güc İrandır. Cənubi Qafqazda Rusiya, Türkiyə və İran arasında hansı qarşılıqlı əlaqəni gözləyə bilərik? Bununla yanaşı, Ukrayna və Yaxın Şərqdə davam edən münaqişələr Rusiya və İranın Cənubi Qafqaz regionunda oynadığı rola necə təsir göstərə bilər?

Pol Qobl: Bu, çox böyük sualdır. Olduqca böyük sualdır. Ən azından bunu yığcam şəkildə izah etməyə çalışaq. İran aydındır ki, Azərbaycandan daha çox İsrailə diqqət yetirir. Lakin Tehran şübhəsiz ki, Rusiyanın qüvvələrini çıxarmasını Rusiyanın ən azından regional miqyasda nisbətən tənəzzülə uğradığının göstəricisi kimi qiymətləndirəcək. Və mən hesab edirəm ki, Tehran zaman keçdikcə mütləq deyil hərbi baxımdan öz təsirini artırmağa çalışacaq, təkcə Azərbaycanda deyil, Şimali Qafqazda və Ermənistanda da təsirini artırmağa çalışacaq. Türkiyəyə gəldikdə, mən Türkiyənin bunu Rusiyanın geri çəkildiyinin sübutu kimi görməyə çalışdığını və daha böyük rol oynamağa çalışdığını görürəm. Rusiyaya gəlincə, cənab Putinin Cənubi Qafqazda nə edə biləcəyi və ya edəcəyi əsasən Ukraynada baş verənlərdən asılı olacaq. Cənab Putin yaxın gələcəkdə Ukraynada qalib gəlsə və hansısa yolla qalib gəlsə, şübhəsiz ki, Cənubi Qafqaza hərbi qüvvələrin yenidən yeridilməsi yollarını axtarmağa başlayacaq. Məncə, bu, mütləq belədir. Bu isə Cənubi Qafqazda öz müstəqilliklərini qorumaqda maraqlı olan hər üç hökumətə mesaj verməlidir ki, onların həqiqi müstəqil ölkə statusu Ukraynada baş verənlərdən asılı olacaq. Bu,ya Putini dayandıracaq, ya da gələcəkdə onlara qarşı daha aqressiv olmağa sövq edəcək.

Mən bir daha demək istəyirəm ki, nəhayət bunun baş verdiyinə olduqca şadam. Düşünürəm ki, bu, təkcə Azərbaycanda deyil, həm də regionda və başqa yerlərdə qeyd edilməlidir, çünki bu, mühüm bir faktı vurğulayır: Rusiyanın qeyri-məhdud gücə malik olmadığını və bir istiqamətdə təzyiq göstərmək istəyirsə, bir şəkildə digər istiqamətdə göstərdiyi təzyiqi aradan qaldırmalı olduğunu. Bu, əlbəttə ki, Vladimir Putin istisna olmaqla, regionda hamı üçün yaxşı xəbərdir.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

Forum

XS
SM
MD
LG