Accessibility links

Robert Sekuta: Prosesi irəli aparmaq üçün Ermənistan və Azərbaycanın əməkdaşlığına, xoş niyyətinə ehtiyac var


Robert Sekuta: Prosesi irəli aparmaq üçün Ermənistan və Azərbaycanın əməkdaşlığına, xoş niyyətinə ehtiyac var
please wait

No media source currently available

0:00 0:11:12 0:00

Birləşmiş Ştatlar Azərbaycan və Ermənistan dialoqun asanlaşdırılması üçün rolunu davam etdirəcəyini bildirib. ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller ABŞ-ın münaqişənin həllinin yeganə yolunun danışıqlar masası olduğunu açıq şəkildə bildirdiyini vurğulayıb. Bu açıqlamalar keçən həftə Birləşmiş Ştatlar və Avropa İttifaqı və Ermənistan arasında Brüsseldə üçtərəfli görüşdən sonra və son günlər Azərbaycan və Ermənistan sərhədində gərginliyin davam etdiyi vaxt verilir. Mən Birləşmiş Ştatların danışıqlar prosesində rolu və Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması perspektivləri haqda ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta ilə danışmışam.

Amerikanın Səsi: Keçən həftə Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistan arasında üçtərəfli görüşün keçirilməsinin ardınca son günlərdə Azərbaycan və Ermənistan sərhədində toqquşmalarla bağlı məlumatlar yayılıb. ABŞ münaqişənin həllinin yolunun danışıqlardan keçdiyini bildirib. Dövlət Departamentinin sözçüsü ABŞ-ın sülh prosesinə sadiqiyini bir daha təkrar edərək, dialoqun asanlaşdırılmasına hazır olduğunu bildirib. Mövcud vəziyyət haqqında nə düşünürsünüz və sizcə, ABŞ uzunmüddətli sülhün əldə olunmasında hansı rolu oynaya bilər?

Robert Sekuta: İlk növbədə, məni dəvət etdiyiniz üçün təşəkkür edirəm. Mənim ilk söyləyəcyim budur ki, Azərbaycan və Ermənistanda vəziyyətlə bağlı söhbətə vəziyyətin ciddi olduğunu demədən başlaya bilmək istərdim. Mən onu nəzərdə tuturam ki, iki ölkə arasında yaxşı münasibətlərin olması əhəmiyyətlidir, lakin vəziyyət iki ölkə arasında zorakılığın davam etməsinin mümkünlüyü baxımından uzun müddətdir ciddidir. Mən hesab edirəm ki, bu, Vaşinqtonun, Dövlət Departamentinin və administrasiyanın diqqət mərkəzində olduğu bir məsələdir. Bu məqamda bir daha qeyd etməliyəm ki, mən səfir olduğum müddətdə Dövlət Departamentində rəhbərliyin iştirakının daha aktiv olmasını təmin etmək üçün çox çalışmışam. Hazırda dövlət katibi Blinken məsələ ilə məşğul olur. O, çox çalışır. İllərdir tanıdığım və ilk dəfə Berlində birlikdə işlədiyimiz Lu Bono çox ciddi və çox təcrübəli diplomatdır. Müəyyən mənada bir nömrəli komandanı bir araya gətiririk. Amma vəziyyət elədir ki, bunu irəli aparmaq üçün həqiqətən də əməkdaşlığa, tam əməkdaşlığa, həm Ermənistanın, həm də Azərbaycanın xoş niyyətinə ehtiyac var. Azərbaycan 90-cı illərdə itirilmiş torpaqların geri qaytarılması baxımından çox yaxşı vəziyyətdədir. Ermənistanda da daxili siyasətə baxdıqda vəziyyət Azərbaycandakı kimidir. Amma iki ölkə həqiqətən elə bir həddə gəlib ki, biz iki ölkə arasında çoxdan gecikmiş sülhü görə bilərik. Hər iki tərəf digərinin vaxtı uzatdığını deyir. Düşünürəm ki, Vaşinqtonda və digər paytaxtlarda, eləcə də Berlində bunu irəliyə aparmaq üçün səylər göstərilir. Mən hesab edirəm ki, hər iki tərəfin uzun müddətdir nail olmaq istədiyi sülhü görməsi üçün bu fürsətdən yararlanması, ABŞ-ın bu qətiyyətli rəhbərliyindən faydalanması çox önəmlidir.

Amerikanın Səsi: Sərhəddə gərginliklər haqda xəbərlər keçən həftə Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistan arasında üçtərəfli görüşün keçirilməsindən sonraya təsadüf edir. Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn keçirdiyi brifinqdə üçtərəfli görüşün Ermənistanda aparılan islahatlarla bağlı olduğunu bildirib. Lakin o, görüşün Azərbaycan və Ermənistan arasında sülh sazişinin əldə edilməsi istiqamətində davam edən səylər kontekstində keçirildiyini qeyd edib. O, sülhün əldə olunmasının regionun təhlükəsizliyi və inkişafı, xüsusən də yeni ticarət yollarının açılması üçün ən yaxşı yol olduğunu vurğulayıb. Sizin bununla bağlı fikirləriniz nədir?

Robert Sekuta: Demək istəyirəm ki, Cim bizim Azərbaycanla ikitərəfli məsələlərlə bağlı görüşlərimiz olduğu kimi, bunun ABŞ, Aİ və Ermənistan arasında ölkənin inkişafı ilə bağlı üçtərəfli görüş olduğunu deyib. Düşünürəm ki, bir növ yanlış təsəvvür var ki, bu, bir növ favoritizm əlamətidir. Biz hər iki ölkəyə dost kimi yanaşmalıyıq. Biz hər iki ölkəyə konkret məsələlərdə kömək etməliyik və biz hər iki ölkə ilə regional kontekstdə, çox uzun müddətdir davam edən münaqişə çərçivəsində anlaşmalıyıq. Bu işlər eyni vaxtda edilə bilər.

Mən Ermənistanın ABŞ-la yeni münasibətlər axtardığını düşünürəm. Bu, bizim alqışlayacağımız bir şey olardı. Biz dünyanın bütün ölkələri ilə yaxşı ikitərəfli münasibətlərin olmasına çalışırıq. Amma mən hesab edirəm ki, bizim bu iki ölkəyə onilliklər boyu davam edən münaqişəni aradan qaldırmağa və yeni, dinc vəziyyətə keçməyə necə kömək edə biləcəyimizi düşünmək də vacibdir. Bunu mən də etmişəm, başqaları da bu barədə yazıblar. Bizim bunu əvvəllər başqa ölkələrlə etdiyimiz üsullar var. Bu, irəliyə adddımdır. Sərhəddə iki tərəf arasında toqquşmalar on illərdir davam edir, istər Qarabağda olsun, istərsə də Azərbaycan sərhədinin başqa yerlərində. Bu münaqişələrin potensialını nəzərdən keçirməyimiz və gələcəkdə onlara imkan verilməməsi üçün yollar axtarmağımız vacibdir, çünki əvvəllər olduğu kimi, onlar nəzarətdən çıxa bilərlər. Onlar işi yeni səviyyəyə qaldıra bilərlər. Mən hər iki tərəfin bunu həqiqətən istədiyini düşünmürəm. Mən hesab edirəm ki, əsas məsələ budur. Düşünürəm ki, biz indi dünyanın bu hissəsində ABŞ-ın qətiyyətli və yüksək səviyyədə fəaliyyətini görürük. Bu isə Vaşinqtonun ciddiliyinə işarədir və region ölkələrinin daha dinc, təhlükəsiz və firavan gələcəyə doğru irəliləməsi üçün bir fürsətdir. Fikrimcə, mən Azərbaycanda insanların nə istədiyini bilirəm. Mən heç vaxt Ermənistanda olmamışam, amma düşünürəm ki, onlar da daha yaxşı gələcək istəyirlər. Birləşmiş Ştatlar həqiqətən də bunu həyata keçirmək üçün yüksək səviyyədə komandanı yaradır.

Amerikanın Səsi: NATO-nun baş katibi və ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi də daxil olmaqla, bu yaxınlarda yüksək səviyyəli rəsmilər Cənubi Qafqaz ölkələrinə səfər edib. Sizin fikrinizcə, bu görüşlərin məqsədi nə idi? NATO-nun regionla bağlı baxışı haqda nə söyləyə bilərsiniz?

Robert Sekuta: Mən NATO baş katibinin adından danışa bilmərəm. Amma bir müşahidəçi kimi, uzunmüddətli müşahidəçi və uzunmüddətli diplomat kimi danışa bilərəm. Hesab edirəm ki, NATO-nun nöqteyi-nəzərindən məsələ tam aydındır. NATO narahatdır, NATO tərəfdaşları ilk növbədə, Ukrayna ilə bağlı narahatdırlar. Orada qan tökülməsinin davam etməsi və Rusiyanın Ukraynaya əsassız hücumu ilə bağlı narahatlıqlar var. Onlar həmçinin Avropada sülhün gələcəyindən, Şimali Atlantika məkanında sülhün gələcəyindən narahatdırlar. Ona görə də onların Qafqazda vəziyyətə diqqət yetirməsinin onlar üçün vacib olduğunu hesab edirəm. Mən səfir olanda NATO-dan qonaqlarımız olurdu. Mənim əvvəllər də dediyim və indi də demək istədiyim odur ki, bir hissəsində münaqişə getdiyi yerdə azad, firavan, dinc Avropadan söhbət gedə bilməz. Ukraynada bu aydın oldu. Lakin Gürcüstanda vəziyyət və Azərbaycan və Ermənistan arasında vəziyyət bizim bu münaqişələrin mövcud olduğu, onların davam etdiyi bir durumda olduğumuzu, 40-cı və 50-ci illərin sonlarında Qərbi Avropada qurulan sülh içində olmadığımızı vurğulayır. Biz Avropanın bu hissələrində hələ bunu görmürük. Amma bunu görməyimiz lazımdır.

Əgər söhbət İrandan gedirsə, biz bir neçə məsələni nəzərə almalıyıq. Birincisi, İran təəssüf ki, pozuculuq və müdaxilə siyasəti yürüdür və bu, bizim burada görə biləcəyimiz bir şeydir. İran Azərbaycanla mənfi münasibətlər tarixinə malikdir. Əlavə heç bir söyləmirəm. Bir neçə fərqli sahədə durum təhlükəsizliklə bağlı narahatlıqların artmasına səbəb olur. İranın Ermənistanla qarşılıqlı əlaqəsi ilə bağlı suallar var. Düşünürəm ki, bu, ABŞ və Ermənistan arasında ikitərəfli müzakirələrin mövzusu olacaq.

Amma bu, yenə də bizim daha geniş kontekstdə düşünməli olduğumuz bir məqamdır və biz çox təcili böhranla, Azərbaycan və Ermənistan arasında davam edən münaqişə kimi çox aktual problemlə üz-üzəyik. Bunu dediyim üçün təəssüflənirəm, çünki mən bu məqamda bunu həll edəcəyimizi düşünürdüm, amma bunu etməmişik. Biz irəliyə doğru yol tapmalıyıq. Bu münaqişəyə son qoymaq ABŞ-ın maraqlarına uyğun olduğu kimi, NATO-nun da maraqlarına uyğundur. Ən əsası isə bu münaqişəyə son qoyulması azərbaycanlıların və ermənilərin maraqlarına uyğundur və düşünürəm ki, biz bunu edə biləcəyimiz nöqtəyə çatmışıq. Biz bu irəliləyişi görə bilərdik. Amma təəssüf ki, bu günə kimi biz hamımızın istədiyi qədər irəliləyiş görməmişik.

Amerikanın Səsi: Rusiya üçtərəfli görüşü tənqid edərək, Qərbin regionda sabitliyi pozmağa çalışdığını bildirib, lakin eyni zamanda gərginliyi azaltmağa çağırıb. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova mətbuat üçün brifinq zamanı bildirib ki, Rusiya Cənubi Qafqazda danışıqlarda effektiv müzakirəçi olan ölkədir. Sizin fikrinizcə, Rusiyanın regionla bağlı niyyəti nədir? Ukraynaya müdaxilənin davam etdiyini nəzərə alsaq, Rusiya sülh prosesində hansı rol oynaya bilər?

Robert Sekuta: Mən əvvəllər Rusiyanın əslində müsbət rol oynaya biləcəyini düşünürdüm. Hələ də bunu edə biləcəyini fikirləşirdim. Amma bunun belə olduğuna əmin deyiləm. Neqativ olduğum üçün təəssüflənirəm. Fikrimcə, ən böyük ümidlərdən biri Rusiyanı Şimali Atlantika hövzəsində, Avrasiya və Avropa məkanında məsuliyyətli tərəfdaş kimi görməkdir. Amma Ukraynada gördüyümüz Rusiyanın heç də bunu etmədiyini göstərir. Mən hesab edirəm ki, Rusiyanın əvvəllər Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olmasına kömək etmək üçün çoxlu şansları olub, lakin bu, baş vermədi.

Düşünürəm ki, Birləşmiş Ştatların dünyanın bu hissəsində iştirakı, Birləşmiş Ştatların real aktivlər və real təcrübələr gətirə bilməsi, ölkələrə sülhə doğru irəliləməyə kömək edə bilməsi vacibdir və biz bunu davam etdirməliyik.

Rusiyanın niyyətləri baxımından, Rusiyanın ictimai bəyanatları baxımından mən deyə bilərəm ki, Rusiya da müsbət rol oynaya bilər. Mən bunun həmişə baş verdiyinə əmin deyiləm. Hesab edirəm ki, bunu etiraf etmək və Rusiyanı cəlb etmək vacibdir. Onlar regiondadırlar və baş verənlərlə maraqlanırlar. Onlar nə baş verdiyini bilməli və real sülhə doğru gedən prosesi dəstəkləməli, eləcə də bizimlə və bu sülhün əldə olunmasına kömək edə biləcək başqaları ilə işləməlidirlər.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

Forum

XS
SM
MD
LG