Hazırda 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan "Abzas Media"nın əməkdaşları həbsxana şəraitindən narazı olduqlarını bildirirlər.
Bu barədə Sevinc Vaqifqızının (Abbasova) vəkili Elçin Sadıqov məlumat yayıb. Vəkilin sözlərinə görə martın 19-da Bakı Apellyasiya Məhkəməsi "Abzas Media"nın baş redaktoru Sevinc Vaqifqızının həbs müddətinin daha 2 ay 29 gün uzadılmasından verilən apellyasiya şikayətini təmin etməyib.
"Sevinc Vaqifqızı məhkəmədə çıxış edərək Bakı İstintaq Təcridxanasında saxlanma şəraitinin acınacaqlı olduğunu bildirib. Dedi ki, istilik demək olar ki, yoxdur. Kameradakı istilik sistemi partlayıb, kamera suyun içindədir" - deyə, vəkil qeyd edib.
"Abzas Media"nın digər əməkdaşı Nərgiz Absalamovanın vəkili Şəhla Hümbətova da jurnalistin səhhətində problem olduğu barədə məlumat paylaşıb.
"Nərgizin gözünə infeksiya düşüb, özü də soyuqlayıb. Görünür, immuniteti zəifləyib. Həkim dərman yazıb, sistem qoyurlar", o deyib.
Vəkil eyni təcridxanada saxlanılan Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlunun səhhəti barədə isə qeyd edib ki, onun şəkəri ilə bağlı problem hələ də davam edir.
"Qubad bəyin şəkəri əvvəlkindən də çox qalxıb, həkim insulinin dozasını yenə artırıb və deyib ki, bundan sonra daha edə biləcəyim bir şey yoxdur. Ən yüksək dozada insulin vurulur" - deyə, Hümbətova bildirib.
Şikayətlərlə bağlı Penitensiar Xidmətdən mövqe almaq mümkün olmayıb.
"Abzas Media" ilə bağlı nə baş verib?
"Abzas Media" ilə bağlı cinayət işi üzrə ötən ilin noyabrın 20-də saytın direktoru Ülvi Həsənli saxlanılıb. Həmin gün onun evində və "Abzas Media"nın ofisində axtarış aparılıb və ofisdən 40 min avro pul tapıldığı iddia edilib.
Daha sonra noyabrın 20-də direktor müavini Məhəmməd Kekalov, 21-ə keçən gecə xaricdən qayıdanda hava limanında saytın baş redaktoru Sevinc Vaqifqızı saxlanılıb.
Həmin iş üzrə jurnalistlər Nərgiz Absalamova, Elnarə Qasımova və araşdırmaçı jurnalist Hafiz Babalı da həbs olunub. Onların hamısına Cinayət Məcəlləsinin 206.3.2-ci (öncədən əlbir bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib. Bu maddənin sanksiyasında 5 ildən 8 ilədək həbs cəzası nəzərdə tutulub.
Onların heç biri özünü təqsirli bilmir, həbslərinin peşə fəaliyyətləri ilə bağlı olduğunu bildirir.
Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.
Qubad İbadoğlu kimdir?
Ötən il iyul ayında Nərimanov Rayon Məhkəməsi Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu barədə həbs qətimkan tədbiri seçib. Qubad İbadoğlu 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1-ci (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur. İki ittiham üzrə onu 17 ilədək həbs gözləyir.
Azərbaycan Daxili İşlər Nazirliyi Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.
Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir. Bir sıra ölkələr və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri İbadoğlunun həbsdən azad edilməsi üçün çağırışlar edib.
Forum