Accessibility links

Azərbaycanda siyasi məhbusların yeni siyahısına 288 nəfərin adı daxil edilib


Azərbaycan Siyasi Məhbusların Azadlığı Uğrunda İttifaq siyasi məhbusların yeni siyahısını açıqlayıb. Siyahıya görə, hazırda ölkədə 288 nəfər siyasi məhbus kimi tanınıb.

Bu ötən ilin dekbarında dərc edilən siyahıdan 43 nəfər çoxdur.

Bununla yanaşı "Gəncə işi" üzrə 9 müttəhimin cəza müddəti başa çatdığına görə siyahıdan çıxarılıb.

"Jurnalistlər və blogerlər" qrupuna 9 yeni ad daxil olub və bu kateqoriyadan olan siyasi məhbusların sayı 20 nəfərə çatıb.

Bu qrupa əlavə edilənlər: Teymur Kərimov ("Kanal 11" Youtube kanalı), İbrahim Hümbətov (Azerinfo.az saytı), Ərşad İbrahimov (Dunyaninsesi.az saytı), Hafiz Babalı (Turan agentliyi), Şamo Eminov ("Kanal 13" İnternet TV), Elnarə Qasımova (Abzas Media), Arzu Sayadoğlu (Məmmədov) "Arzu Sayadoğlu" YouTube kanalı, Ələsgər Məmmədli (Toplum TV-nin təsisçisi), Müşfiq Cabbarov (Toplum TV).

"Partiyalar və ictimai təşkilatların üzvləri" qrupunda da siyasi məhbusların sayı 9 nəfər artaraq 22 nəfərə çatıb. Onlar Elnur Həsənov (Azərbaycan Xalq Cəbhəsi Partiyası), İlhamiz Quliyev (ictimai fəal), Möhyəddin Orucov (ictimai fəal), Tofiq Yaqublu (Müsavat Partiyası), Akif Qurbanov (III Respublika Platforması), Ruslan İzzətli (III Respublika Platforması), Əli Zeynalov, Ramil Babayev və İlkin Əmrahov (hamısı Demokratik Təşəbbüslər İnstitutundandır).

"Dindarlar" kateqoriyasına 25 yeni siyasi məhbus daxil olub. Hazırda onların sayı 208 nəfərdir.

Ümumilikdə, siyasi məhbuslar aşağıdakı qruplar üzrə təsnif edilib: Jurnalistlər və blogerlər - 20 nəfər, hüquq müdafiəçiləri - 2 nəfər, müxalifət partiyaları və hərəkatların üzvləri - 22 nəfər, Almaniyadan deportasiya olunan siyasi mühacirlər - 5 nəfər, dindarlar - 208 nəfər, "Tərtər işi" üzrə məhkumlar - 7 nəfər, "Gəncə işi" üzrə məhkumlar - 13 nəfər, ömürlük məhkumlar - 11 nəfər.

Siyasi Məhbusların Monitorinqi Mərkəzinin rəhbəri Elşən Həsənov Amerikanın Səsinə bildirib ki, siyadi məhbusların sayının artması narazılıqların artması ilə bağlıdır.

“Ölkədə narazılıqlar çoxdur. Narazı olanların, problemi olanların problemini həll etmirlər. Vəziyyətdən çıxışı problemin həllində yox, narazıları həbs etməkdə görürlər”, o qeyd edib.

Hüquq müdafiəçisi deyib ki, siyasi həbsləri dövlət maraqları ilə əlaqələndirirlər.

“Amma bu həbslər dövlət maraqları ilə bağlı deyil. Dövlət maraqları, məmurların səlahiyyətləri konstitusiyada əks olunub. Məsələn, dövlət məmuru oğurluq etməməlidir, bizneslə məşğul olmamalıdır. Bizdə isə əksinədir. Yəni narazılıq dövlət maraqlarına qarşı deyil, bir qrup şəxsin maraqlarına qarşıdır. Bunlar da onlara etiraz edənləri həbslə susdururlar. Bu gün 290 nəfəri susdurublar. Amma, bununla narazılıq problemi həll olunmur. Ölkədə çoxsaylı adamlar sosial və yaşayış durmundan narazıdır. İndi bunların məntiqi ilə yanaşsaq, bunların hamısı susdurulmalıdır?” o qeyd edib.

Həsənov narazılara qarşı yanaşmanı yanlış hesab edir.

“Son aylarda dindarların və jurnalistlərin həbsi kəskin çoxalıb. Dindarlarla bağlı qərbi suçlayırlar ki, islamofobiyadır. Guya Avropa islamı qəbul etmir. ABŞ Prezidenti Bayden isə bəyan etdi ki, bütün dinlərə yanaşma eyni və azad olmalıdır. Bəs bizim ölkədə nə edirlər? Dindarlara qarşı əməlli-başlı kampaniya aparılır. Onlari narkotik ittiham ilə həbsə atırlar. Bu islamofobiya deyil? Əsassız ittihamla tuturlar, əsas səbəb isə dindar olmalarıdır. Belə davam etsə narazılqlar və etirazlar da çox olacaq”, Həsənov bildirib.

Bununla yanaşı, rəsmi Bakı ölkədə siyasi məhbusların olmadığını bildirir, bu sahədə tənqidləri qəbul etmir və qərəzli sayır. Dövlət rəsmiləri bir qayda olaraq insanların qanun qarşısında bərabər olduğunu, iradəsinə görə təqib edilmədiyini bəyan edir.

Forum

Mövzuya uyğun

XS
SM
MD
LG