Avropa Şurasının Jurnalistləri Qoruma Platforması Toplum TV ilə bağlı sorğu açıb. Media hüquqları təhlilçiləri son dövrlər Azərbaycanın jurnalistləri həbs edən ölkəyə çevrildiyi və müstəqil medianın təhlükəsiz şəraitdə fəaliyyət göstərə bilmədiyi fikrindədir.
Avropa Şurasının sorğusunun kateqoriyaları
Avropa Şurasının məlumatına görə, jurnalistlərin saxlanması və həbsi kateqoriyasına aid edilən sorğunun təşəbbüskarı Avropa Jurnalistlər Federasiyası, Beynəlxalq Jurnalistlər Federasiyası və Jurnalistlərə Ədalət Fondudur.
Sorğu jurnalistlərin və ya digər media nümayəndələrinin, onların ailə üzvlərinin jurnalist fəaliyyətinə görə qətli, sui-qəsdi və ya onların həyatına birbaşa təhlükələr daxil olmaqla, media azadlığının ən ağır və zərərli pozuntularını əhatə edir. Bununla yanaşı sorğu jurnalistlərə və ya digər media nümayəndələrinə ağır xəsarət yetirmə və ya onların fiziki təhlükəsizliyinə təhdid yaradan zorakılıqdan istifadə edilməsi, bu cür pozuntulara görə cəzasız qalma, jurnalistlərin peşə fəaliyyətinə və ya jurnalist statusuna görə uzun müddət özbaşına saxlanması və ya həbs edilməsi, media müəssisəsinin bağlanması və ciddi təhlükə yaradan onlayn və ya oflayn media azadlığına ciddi təsir göstərən hər hansı digər hərəkətləri əhatə edir.
Sorğuda Azərbaycan səlahiyyətlilərindən iyunun 8-dək cavab gözlənilir. Gözlənilən növbəti tədbirlər siyahısına jurnalistlərin azad edilməsi, ittihamların götürülməsi və Toplum TV-nin ofisində aparılan axtarışın izahı aiddir.
Həbsdə olan jurnalistlər və digərləri
Avropa Şurası sorğudan bir neçə həftə öncə Avropa məkanında (Rusiya və Belarus daxil deyil) ümumilikdə 55 jurnalistin həbsdə olduğunu və onların 16 nəfərinin Azərbaycanda olduğunu bildirb. Bu siyahıya Azərbaycanda Toplum TV-nin əməkdaşlarının və digərlərinin həbsləri daxil deyil.
Siyahıda aşağıdakı şəxslərin adları var: Ərşad İbrahimov (dunyaninsesi.az saytı), Aslan Qurbanov (bloger), Əvəz Zeynallı (Xural TV), Əziz Orucov (Kanal 13), Elnarə Qasımova (Abzas Media), Elnur Şükürov (Səda TV), Hafiz Babalı (Turan Agentliyi), İbrahim Şükürov (azerinof.az saytı), Məhəmməd Kekalov (Abzas Media), Nərgiz Absalamova (Abzas Media), Osman Nərimanoğlu (Demokratik.az saytı), Polad Aslanov (xeberman.com saytı), Rəşad Ramazanov (bloger), Sevinc Vaqifqızı (Abzas Media), Ülvi Həsənli (Abzas Media), Şamo Emin (Kanal 13).
Martın 6-da hüquq-mühafizə orqanları Toplum TV-nin, Demokratik Təşəbbüslər İnstitutunun, həmçinin III Respublika Platformasının ofislərində, əməkdaşların evlərində axtarışlar aparıb. Axtarış zamanı ofisdə olan iyirmidən çox jurnalist və fəal polis tərəfindən saxlanılıb. Saxlanılanların bir hissəsi sərbəst buraxılsa da, Toplum TV-nin jurnalistləri Fərid İsmayılova (polisin nəzarətinə verilməklə ev dustaqlığı imkanı tədbiri seçilib), Müşfiq Cabbara, Elmir Abbasova (polisin nəzarətinə verilməklə ev dustaqlığı imkanı tədbiri seçilib) və Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri, həmçinin III Respublika Platformasının spikeri Akif Qurbanova, eləcə də Əli Zeynala, Ramil Babayevə, İlkin Əmrahova qaçaqmalçılıq ittihamı ilə cinayət işi açılıb və barələrində 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Martın 8-də isə Toplum TV-nin təsisçilərindən Ələsgər Məmmədli və III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli qaçaqmalçılıq ittihamı ilə saxlanılıb və barələrində 4 ay həbs-qətimkan tədbiri seçilib.
Arif Əliyev: Azərbaycan jurnalistlərin həbs edildiyi ölkəyə çevrilib
Yeni Nəsil Jurnalistlər Birliyinin sədri Arif Əliyev Amerikanın Səsinə bildirib ki, jurnalistlərin müdafiəsi sahəsində yerli imkanlar son dərəcə məhduddur.
“Bir zamanlar çox fəal olan jurnalist təşkilatları artıq öz fəaliyyətini dayandırıb və ya dağılıb. Müstəqil medianın sərhədləri o qədər dardır ki, onların səsi çox uzağa getmir, fəaliyyət imkanları məhduddur. Bununla yanaşı, ayrı-ayrı jurnalistlər, medialar öz əllərində olan məhdud imkanlardan istifadə edir. Müraciətlər edirlər, şəxsi əlaqələri vasitəsi ilə, hansısa toplantı keçirməklə müdafiə işlərinə kömək etmək üçün nə isə etməyə çalışırlar”, o qeyd edib.
Arif Əliyev jurnalistlərin müdafiəsi ilə bağlı beynəlxalq müdafiədən danışarkən deyib ki, bu imkanlar kifayət qədər genişdir.
“Amma onlar da getdikcə çox böyük ehtiyatla və xəsisliklə Azərbaycanda jurnalistlərin hüquqlarını müdafiə edirlər”, o qeyd edib.
Azərbaycanın rəsmi qurumlarının qanunvericiliklə müəyyən edilmiş qaydada jurnalistlərin təhlükəsiz şəraitdə işləməsi üçün şərat yaratmaları ilə bağlı öhdəliklərinə gəldikdə, Arif Əliyev deyib ki, rəsmi qaydada jurnalistlərin hüquqlarının qorunduğunu deyirlər.
“Onların bəyanatlarını tənqid edəndə isə ya xatirlərinə dəyir, ya da cavab vermirlər. Müstəqil medianın təhlükəsiz şəraitdə işləməsinə gəlincə, bu təmin edilmir. Təəssüf ki, Azərbaycan çoxsaylı jurnalistlərin həbs edildiyi bir ölkəyə çevrilib. Son aylar bu sahədə xüsisilə mənfi dəyişikliklər nəzərə çarpır”, Əliyev qeyd edib.
Onun fikrincə, “Media haqqında” yenu qanunvericilikdə bir sıra məhdudiyyətlər var ki, o da bu işi çətinləşdirir.
“Bir sıra hallarda siyasilərin, o cümlədən parlamentdə jurnalistləri təhdiedici çıxşlar da ümumi psixoloji mühitə mənfi mənada çox pis təsir edir. Bu sahədə bir çox məsələlər psixoloji əhəmiyyət daşıyır. Mediada, jurnalistikada qorxu yaradılıb. O qorxu özünüsenzurada, peşədən getməkdə, ölkədən gedərək xaricdə kütləvi informasiya vasitəsi yaratmaqda və heyfini oradan çıxmaqda əksini tapır”, Əliyev qeyd edib.
Elçin Şıxlı: Jurnalistlərin hüquqlarını müdafiə edəcək qurum qalmayıb
Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı Amerikanın Səsinə deyib ki, ölkədə jurnalistlərin hüquqlarını müdafiə edəcək bir qurum qalmayıb.
“Jurnalistlərin hüquqlarının necə qorunması ilə bağlı bütün müddəalar aydındır. Sadəcə onları müdafiə edəcək kimlər yoxdur”, o qeyd edib.
O deyib ki, cəmiyyətdə belə bir fikir formalaşıb ki, jurnalist bir ciddi peşə deyil, zərərli bir ünsürdür.
Bəhruz Məhərrəmov: Azərbaycanda media azaddır
Milli Məclisinin deputatı Bəhruz Məhərrəmov Amerikanın Səsinə bildirib ki, Azərbaycanda media azaddır və hər kəsin informasiya ilə təmin olunması üçün şərait, o cümlədən bütövlükdə media sahəsində fikir müxtəlifliyi və fəaliyyət azadlığı tam şəkildə təmin olunur.
“Lakin çox təəssüflər olsun ki, ölkədə bəzi media qurumları faktiki olaraq beşinci kolon funksiyasını yerinə yetirir. Bir sıra qərb dövlətləri təsisatları ilə Azərbaycan üçün, Azərbaycanın suverenliyinə təhdid olan niyyətləri üçün alət kimi çıxış edirlər”, o bildirib.
Deputat hesab edir ki, Qərb Azərbaycan “əleyhinə qarayaxmaları” üçün Azərbaycanın yerli media strukturlarından istifadə edir.
“Əlbəttə sırf bu məqsədlər üçün formalaşdırılmış adı çəkilən media təsisatlarının əksəriyyəti uzun müddət idi ki, adı çəkilən azad media prinsipləri ilə pərdələnərək təxribatçılıqla məşğul idilər. Lakin Azərbaycan dövləti qarayaxma kampaniyalarına təmkinlə yanaşıb. Təxribatçılıqla məşğul olsalar belə yerli mediada yaradıcı münasibətə heç vaxt müdaxiə etməyib. Amma milli təhlükəsizlik məsələləri bir dövlət üçün prioritetdir və o cümlədən də Azərbaycanın fiziki sərhədlərini aşa bilməyənlərin daxildən beşinci kolon vasitəsilə milli təhlükəsizliyinə təhdidə təbii ki, imkan verməzdi. Bu baxımdan ölkədə bəzi media qurumları ətrafında həyata keçirilən əməliyyat axtarış tədbirləri heç bir formada media azadlığı kontekstində qiymətlənditilə bilməz. Hüquq mühafiə orqanları səhihliyi şübhə doğurmayan faktlara və təkzibediləmz dəlillərə əsaslanan aidiyyatı tədbirlər həyata keçiriblər. Bizim məqsədimiz şəxsiyyəti, cəmiyyəti, dövləti cinayətkar dəstədən qorumaqdır. Son addımlar da ona yönəlib ki, əməllərinin cinayət olub-olmadığı müəyyən olunsun”, o deyib.
Qulu Məhərrəmli: Tənqid jurnalistin həbsi üçün səbəb ola bilməz
Media məsələləri üzrə ekspert, professor Qulu Məhərrəmli Amerikanın Səsinə deyib ki, jurnalistlərin müxtəlif adlar altında həbsxanaya salınması, onların peşə fəaliyyətinin dayandırılması dərin təəssüf hissi doğurur.
“Təəssüflənirik ki, bu cür hallar baş verir və bunun da qabağını almaq getdikcə çətinləşir. Nəyə görə bu adamlar həbs olunur? Nəyə görə onlara bu cür münasibət bəslənilir? Nəyə görə onların müdafiəsi zəif təşkil olunur? Hesab edirəm ki, bunun əsas səbəbi əlbəttə ki, cəmiyyətdə gedən proseslərlə bağlıdır. İndi əks qütbdə olan media qurumları elə bir təbliğat aparır ki, guya tənqidçi media hansısa mücərrəd məqsədlərə xidmət edir. Ona görə də əhalidə bir az belə yanlış təsəvvür olur”, o qeyd edib.
Professorun fikrincə, normal cəmiyyətlərdə plüralist cəmiyyətlərdə fərqli fikirlərin olması normal haldır.
“Yəni bir məsələyə fərqli münasibət ola bilir. Fərqli şəkildə işıqlandırıla bilir. Bu çox təbiidir. İnformasiya qaynaqlarına çıxış fərqlidir. Onu şərh etmək, yazmaq fərqli üslublarda gerçəkləşdirilir. Amma bu jurnalistlər niyə müdafiə olunmur? Bunu tam demək olmaz ki, müdafiə olunmur. Bu və ya başqa formada səslər eşidilir. Etirazlar olur. Buna təəssüflənənlər olur. Qınayanlar olur. Hakimiyyəti tənqid edənlər olur. Amma belə kütləvi şəkildə yoxdur. Onun da əsas səbəbi ümumiyyətlə media sistemində peşə həmrəyliyinin azalması, jurnalistlərin hüquqlarını müdafiə edən cəmiyyətlərin jurnalist təşkilatlarının olduqca zəif fəaliyyətidir. Bu da təbii ki, təəssüf doğurur”, o bildirib.
Qulu Məhərrəmli hesab edir ki, media üçün formal baxımdan müəyyən azadlıqlar var. İnformasiyaya çıxış, məlumat almaq olur.
“Amma bir çox məmurların da tənqidçi mediaya elə tənqidi münasibəti var ki, bunlar guya çox kəskin yazırlar. Materialları yanlış təqdim edirlər. Gerçəyi təhrif edirlər və s. Düşünürəm ki, bu, heç bir jurnalistin həbsi üçün səbəb ola bilməz”, o bildirib.
Məhərrəmlinin fikrincə, bunun qarşısını almaq üçün peşə həmrəyliyini gücləndirmək, jurnalist təşkilatlarının fəaliyyətlərini canlandırmaq lazımdır.
“Amma necə? Gərək cəmiyyətin bir müqaviməti olsun ki, o jurnalist təşkilatlarının, onların hüquqlarının müdafiəsini reallaşdıra bilsinlər. Məsələn, televiziya sahəsində biri işdən çıxırılır. Onun hüquqlarını müdafiə edən olmur. Bəzən media rəhbərləri istədikləri adamı istədikləri zaman işdən çıxarır. Heç bir sosial təminat yoxdur. Heç bir zəmanət yoxdur. Bununla bağlı çoxlu problemlər var. Yəni jurnalistlərin hüquqlarını qoruyan təşkilatlar, bu sahənin sahə həmkarlar təşkilatları əlbəttə formal yox, hökümətin qanadı altında fəaliyyət göstərən yox, müstəqil, azad həmkarlar təşkilatı olsa bunların qarşısını almaq olar”, Qulu Məhərrəmli deyib.
Forum