Accessibility links

Abzas Media Toplum TV-yə dəstəyini ifadə edib


“Abzas Media”-nın direktoru Ülvi Həsənli noyabrın 20-də saxlanılıb.
“Abzas Media”-nın direktoru Ülvi Həsənli noyabrın 20-də saxlanılıb.

"Abzas Media" son günlərdə əməkdaşları həbs olunan "Toplum TV"nin yanında olduğunu ifadə edib.

Bəyanatda deyilir ki, Elmar Hüseynov, Rafiq Tağı və Rasim Əliyevin siyasi mötivlərlə qətlindən sonra – Azərbaycan hökumətinin media qurumlarını satın aldığı, yüzlərlə jurnalisti şirnikləndirərək, ev hədiyyə edərək, medalla təltif edərək saray jurnalistinə çevirib susdurduğu bir vaxtda həm "Abzas Media", həm də "Toplum TV" hökumətin güc strukturlarının təqibləri ilə üzləşib və qapadılıb.

"Abzas Media və Toplum TV-yə qarşı kütləvi repressiyalar bir daha göstərir ki, Azərbaycan hökuməti müstəqil medianı tamamilə sıradan çıxarmaq xəttini tutub. Təsadüfi deyil ki, Azərbaycan Sərhədsiz Reportyorlar təşkilatının media azadlığı indeksində 180 ölkə arasında 151-ci – Sudan və Liviyadan sonra Pakistanla Əfqanıstanın arasında qərarlaşıb. Cümhuriyyətdən də öncə yaranan Azərbaycan mətbuatı belə ağır dönəmi ilk dəfə yaşamır. 1875-ci ildə "Əkinçi" qəzeti ilə təməli qoyulan milli mətbuat qurumları çar Rusiyasının və sovet işğalının repressiyalarına məruz qalandan sonra mühacirətə köçmək məcburiyyətində qalmışdı. Azad medianın yerini Kommunist Partiyasının basqısı və senzurası altında olan sovet mətbuatı tutmuşdu".

"Abzas Media" müstəqil medianın oxşar aqibətlə üz-üzə qaldığını qeyd edib.

"Tarix təkrarlansa da, artıq yüz il əvvəlki dövr deyil. Azərbaycan mətbuatının tarixi dövlətin tarixindən böyükdür. Milli mətbuatın meydana gəlməsində dövlətin heç bir rolu olmayıb, ancaq Azərbaycan dövlətinin qurulmasında mətbuatımızın əvəzsiz qatqısı var. Texnoloji tərəqqi söz azadlığının sərhədlərini daha də genişləndirib. Bütün cəhdlərə, hakimiyyətə kimin gəlməsinə baxmayaraq, ölkəmizdə azad mətbuatı məhv etmək mümkün olmayacaq", deyə bəyanatda qeyd olunur.

"Həmkarlarımıza qarşı edilən bu təzyiqi şiddətlə qınayır, həbslərin dayandırılmasını, saxta ittihamlarla saxlanılan jurnalistlərin azad edilməsini tələb edirik" - deyə "Abzas Media" bildirib.

"Toplum TV" ilə bağlı nə baş verib?

Martın 6-da hüquq-mühafizə orqanları "Toplum TV"nin, Demokratik Təşəbbüslər İnstitutunun, həmçinin "III Respublika" Platformasının ofislərində, əməkdaşların evlərində axtarışlar aparıb. Axtarış zamanı ofisdə olan iyirmidən çox jurnalist və fəal polis tərəfindən saxlanılıb. Saxlanılanların bir hissəsi sərbəst buraxılsa da, "Tolpum TV"nin jurnalistləri Fərid İsmayılova (polisin nəzarətinə verilməklə ev dustaqlığı imkanı tədbiri seçilib), Müşfiq Cabbara, Elmir Abbasova (polisin nəzarətinə verilməklə ev dustaqlığı imkanı tədbiri seçilib) və Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri, həmçinin "III Respublika" Platformasının spikeri Akif Qurbanova, eləcə də Əli Zeynala, Ramil Babayevə, İlkin Əmrahova qaçaqmalçılıq ittihamı ilə cinayət işi açılıb və barələrində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Martın 8-də isə "Toplum TV"nin təsisçilərindən Ələsgər Məmmədli və "III Respublika" Platformasının qurucu üzvü Ruslan İzzətli qaçaqmalçılıq ittihamı ilə saxlanılıb və barələrində 4 ay həbs qətimkan tədbiri seçilib.

"Abzas Media" ilə bağlı nə baş verib?

"Abzas Media" ilə bağlı cinayət işi üzrə ötən ilin noyabrın 20-də saytın direktoru Ülvi Həsənli saxlanılıb. Həmin gün onun evində və "Abzas Media"nın ofisində axtarış aparılıb və ofisdən 40 min avro pul tapıldığı iddia edilib.

Daha sonra noyabrın 20-də direktor müavini Məhəmməd Kekalov, 21-ə keçən gecə xaricdən qayıdanda hava limanında saytın baş redaktoru Sevinc Vaqifqızı saxlanılıb.

Həmin iş üzrə jurnalistlər Nərgiz Absalamova, Elnarə Qasımova və araşdırmaçı jurnalist Hafiz Babalı da həbs olunub. Jurnalistlərin hamısına Cinayət Məcəlləsinin 206.3.2-ci (öncədən əlbir bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib. Bu maddənin sanksiyasında 5 ildən 8 ilədək həbs cəzası nəzərdə tutulub.

Onların heç biri özünü təqsirli bilmir, həbslərinin peşə fəaliyyətləri ilə bağlı olduğunu bildirir.

Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb. Azərbaycan hökuməti isə ölkədə insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.

Forum

XS
SM
MD
LG