Accessibility links

Qəzvin, Həmədan və Kərəc həbsxanalarında edam hökmləri icra edilib


edam
edam

Son günlərdə İranın Qəzvin, Həmədan və Kərəc şəhərlərinin həbsxanalarında məhbuslara qarşı edam hökmləri icra edilib.

Bu barədə Norveçdə yerləşən İran İnsan Haqları təşkilatı (IHR) məlumat yayıb.

Yanvarın 8-də Kərəcdəki Qızılhisar həbsxanasında narkotik cinayətləri ilə əlaqədar ittihamlardan günahkar tanınan və edama məhkum edilən məhbus Məhəmmədhüseyn Qeravənd və Kiyumərs Qulami adlı iki məhbus edam edilib.

Yanvarın 9-da Kərəcdəki Qızılhisar həbsxanasında narkotik maddə qaçaqmalçılığı ittihamı ilə bağlı cinayət işi üzrə edam cəzasına məhkum edilmiş iki məhbus edam edilib. Kərəcin həbsxanasında asılan iki məhbusdan birinin şəxsiyyəti Məhəmmədəli Mirzayi olaraq təsdiqlənib.

Yanvarın 11-də Qəzvin Mərkəzi Həbsxanasında narkotiklə bağlı ittihamlarla edama məhkum edilən bir məhbusun hökmü icra edilib.

Yanvarın 14-də Kərəc Mərkəzi Həbsxanasında narkotik maddə qaçaqmalçılığı ittihamından təqsirkar bilinərək ölüm cəzasına məhkum edilmiş ən azı 6 məhbusun hökmü icra edilib.

Yanvarın 16-da Həmədan Mərkəzi Həbsxanasında eyni ittihamlarla edam cəzasına məhkum edilmiş bir məhbusun edam hökmü icra edilib.

İran İnsan Haqları təşkilatının yayımladığı statistikaya görə 2024 ilində 31 nəfər ölkənin müxtəlif həbsxanalarında asılıb. Ümumiyyətlə İran İslam Respublikasında edam olanların əksəriyyəti narkotik maddə qaçaqmalçılığı ittihamı ilə əlaqədar olub.

Təşkilatın hesabatına əsasən, 2010-cu ildən indiyədək qeydə aldığı 7 min 530 edamın 53%-i narkotiklə bağlı ittihamlara görə olub.

İranın ədliyyə orqanları edam olunanların sayı ilə bağlı dəqiq statistik məlumat vermir, ölkə mediası isə ölümə məhkum olunanlarla bağlı xəbərlərin yalnız kiçik bir hissəsini əks etdirir. Ötən il mayın 8-də Əhər həbsxanasında bir məhbusun edam edilməsi xəbəri aylar sonra İran İnsan Haqları tərəfindən açıqlanıb. İran mətbuatında edam cəzasına məhkum edilmiş bu məhbusla bağlı heç bir məlumat dərc olunmayıb. Edam olunan şəxsin yanvarın 2-də Marağa həbsxanasında eyni ittihamlardan dolayı asılan şəxsin qardaşı olduğu bildirilir.

Forum

XS
SM
MD
LG