Accessibility links

Təbriz millət vəkili: Ölkə ağır enerji böhranı içərisindədir


Qaz emalı zavodları, Əsəluyə, İran
Qaz emalı zavodları, Əsəluyə, İran

Təbrizin İran parlamentindəki millət vəkili Əhməd Əlirzabeygi son açıqlamalarında ölkədəki iqtisadi durumu tənqid edib.

Vaxtilə Şərqi Azərbaycanın valisi olmuş Əlirezabeygi bu yaxınlarda İLNA xəbər agentliyi ilə söhbətində İbrahim Rəisi hökumətininin idarəçilik üsulları ilə bağlı tənqidi fikirlərini səsləndirib.

“Hazırda ölkəmiz ağır enerji böhranı, xüsusilə də elektrik enerjisi böhranı içərisindədir”, İranın keçmiş prezidenti Mahmud Əhmədinejada yaxın olması ilə tanınan millət vəkili ölkənin enerji təchizatındakı problemlərinə toxunaraq deyib. “Bizim bəzi durumlarda suyun təmininə belə imkanımız olmur və bu səbəbdən ölkəni problemlər bürümüşdür”, o əlavə edib.

Əhməd Əlirzabeygi habelə, ölkənin iqtisadi siyasətini tənqid edib və bunu “dövlətyönümlü iqtisadiyyat” adlandırıb. O bildirib ki, insanların ölkənin iqtisadi fəaliyyətində iştirakı, o cümlədən sənaye, su, elektrik və qaza investisiya etmək imkanı yoxdur.

O, İranda hökumətin iqtisadi siyasətini tənqid edərək, bunu ölkədən sərmayə axınının əsas səbəbi adlandırıb. “Ölkənin iqtisadiyyatının vəziyyəti əsasən insanları bu sahəyə daxil olmaqdan çəkindirir və ya onlarda qorxu və güvənsizlik hissi yaradır”-deyə, o əlavə edib.

“Bu günlərdə bəzi tribuna sahibləri ölkədə məişət və iqtisadi problemləri xalqın boynuna atırlar. Bu dostlar yanlış ünvan tərif edirlər, ölkənin resurslarından prioritetlər istiqamətində düzgün istifadə olunmursa, günah hökumətdədir”, Təbriz millət vəkili bildirib.

Əlirzabeyginin bu şərhrləri son zamanlar bəzi rəsmilər və məclis üzvləri tərəfindən irəli sürülən ölkədə xalqın “yüksək enerji istehlakı” iddiası və həmin şəxslərin qənaətə çağırışlarına cavab olaraq qiymətləndirilir.

İranda isti yay mövsümün gəlməsi ilə ölkədə elektrik və su təminatı və ümumiyyətlə, enerji sahəsində ciddi problemlərin yaranması ilə müşayiət olunur. “Hammihan” qəzeti İranın enerji infrastrukturunun vəziyyəti ilə bağlı məqaləsində benzin, qaz və elektrik enerjisini son illərdə ölkə üçün “ciddi təhlükəsizlik problemi” adlandırıb. Ekspertlər ölkənin son illər ərzində enerji sahəsində infrastrukturların yaradılmasında geridə qaldığını irəli sürür.

XS
SM
MD
LG