Accessibility links

İsrail diqqətini Qəzzadakı girovların azad edilməsinə yetirəcəyini vəd edir


Qəzzanın səhiyyə rəsmiləri bazar ertəsi İsrailin hücumları zamanı ölənlərin sayının azı 33 797 nəfərə yüksəldiyini bildirib. İsrail ordusu diqqətini HƏMAS militant qruplaşmasını məğlub və Qəzzada hələ də saxlanılan girovların hamısının azad edilməsini təmin etmək missiyasına davam etdirəcəyinə söz verib.

Qəzza Səhiyyə Nazirliyi son sutka ərzində ölənlərin sayının 68 nəfər olduğunu, oktyabr ayından, İsrail-HƏMAS müharibəsi başlayandan bəri 76 mindən çox insanın yaralandığını bildirib. Ölənlərin sıyahısında militantlarla mülki şəxslər arasında fərq qoyulmur. Lakin nazirlik öldürülənlərin təxminən üçdə ikisinin qadın və uşaqlar olduğunu bildirib.

İsrail oktyabrın 7-də HƏMAS-ın İsraildə 1200 nəfərin ölümünə səbəb olan hücumundan sonra HƏMAS-ı məhv etmək kampaniyasına başlayıb.

İsrail ordusu bazar ertəsi Livanın cənubunda Hizbullah militant qruplaşmasının istifadə etdiyi obyektlərə zərbələr endirib. Hərbçilərin bildirdiyinə görə, İsrail təyyarələri şərqdən ölkəyə yaxınlaşan pilotsuz uçuş aparatının da qarşısını alıb.

İranın şənbə günü pilotsuz uçuş aparatları və raketlərlə hücumundan sonra İsrail ordusunun sözçüsü, kontr-admiral Daniel Haqari İsrailin hələ də HƏMAS-ın saxladığı 133 girovu xilas etmək üçün Qəzzada "kritik missiyasını" gözdən qaçırmadığını deyib. Girovlardan 100-ə yaxınının hələ də sağ olduğu güman edilir.

Müzakirəçilər həftələrdir döyüşləri müvəqqəti dayandıracaq atəşkəs razılaşması üzərində işləyir. Razılaşmaya HƏMAS-ın 40-a yaxın girovu qaytarması və İsrailin yüzlərlə fələstinli məhbusu azad etməsi daxildir. Razılaşmaya əsasən Qəzzadakı mülki əhaliyə humanitar yardımda da artım olmalıdır.

İsrail ordusunun bazar günü bildirdiyinə görə, Qəzzada keçiriləcək əməliyyatlar üçün iki ehtiyat briqadasını işə salır. İsrail liderləri bu addımın Rəfahda planlaşdırılan hücumdan əvvəl ABŞ-ın terror qruplaşması olaraq təyin etdiyi HƏMAS-ı məhv etmək missiyasını başa çatdırmaq üçün vacib olduğunu bildirib.

Birləşmiş Millətlər Təşkilatı, ABŞ və digər ölkələr İsrailin Rəfaha genişmiqyaslı hücum təşkil edəcəyi təqdirdə, humanitar fəlakət potensialından narahatlıqlarını ifadə ediblər. Rəfah bölgəsi Qəzza əhalisinin yarıdan çoxuna ev sahibliyi edir.

Forum

XS
SM
MD
LG