Accessibility links

İsrail ordusu Qəzzaya yardım üçün yeni şimal keçidi inşa etdiyini bildirib


İsrail ordusu cümə axşamı Qəzza zolağına humanitar yardımın çatdırılması da daxil olmaqla, Qəzzanın şimalında quru keçidinin tikintisini "yeni və təkmilləşdirilmiş tədbir" adlandırıb.

Hərbi sözçüsü, kontr-admiral Daniel Haqari video-bəyanatında deyib ki, yeni keçid "yük maşınlarının bölgəyə girməsi üçün çətin olan ərazilərdə mülki insanlara daha çox yardımın birbaşa çatdırılmasına imkan verəcək".

Beynəlxalq humanitar yardım qrupları aylardır həm İsrail hərbçiləri tərəfindən gecikdirildiyinə, həm də müharibənin dağıntıları səbəbindən Qəzzanın şimalı kimi bölgələrə təhlükəsiz girişin olmadığını əsas gətirərək, Qəzzaya yük maşınları ilə yardımın çatdırılması ilə bağlı maneələrdən şikayətlənir.

Haqari İsrailin yeni keçiddən gündə 50 yük maşınının keçməsini gözlədiyini və Qəzza zolağına hər gün çatan yük maşınlarının ümumi sayının tədricən 350-dən təxminən 500-ə yüksələcəyini deyib.

Birləşmiş Millətlər Təşkilatının bildirdiyinə görə, oktyabr ayında İsrail-HƏMAS müharibəsi başlayana qədər Qəzzaya gündə təxminən 500 yük maşını yardım çatdırılırdı.

Çərşənbə günü İsrailin müdafiə naziri Yoav Qallantla telefon danışığı zamanı ABŞ Dövlət katibi Antoni Blinken deyib ki, Birləşmiş Ştatlar İsraildən daha çox humanitar yardım çatdırılmasını asanlaşdırmaq və "World Central Kitchen"ə olduğu kimi ölümcül hücumların təkrarlanmaması üçün yardım qrupları ilə koordinasiya etmək üçün üzərinə götürdüyü öhdəliklərə tez zamanda əməl etməsini gözləyir.

Dövlət Departamentinin bildirdiyinə görə, Blinken və Qallant həmçinin Qəzzada HƏMAS terror qruplaşması tərəfindən saxlanılan girovların azad edilməsini nəzərdə tutan atəşkəs razılaşması üzrə davam edən danışıqları da müzakirə edib.

İsrail çərşənbə günü Qəzzada HƏMAS-ın ali lideri İsmayıl Haniyənin üç oğlunun öldürüldüyünü və bütün qardaşlarının silahlı qruplaşmanın silahlı qanadına aid olduğunu bildirib.

Hazim, Əmir və Məhəmməd Haniyələr və İsmayıl Haniyənin dörd nəvəsi Qəzza şəhərindəki Şati qaçqın düşərgəsi yaxınlığında avtomobilə edilən hücum zamanı həlak olub. İsmayıl Haniyə əslən Şatidəndir.

Qətərdə mühacirətdə yaşayan Haniyə bu xəbəri Dohada xəstəxanaya çatdırılan yaralı fələstinliləri ziyarət edərkən eşidib. O, Al-Jazeera peyk kanalına müsahibəsində xəbəri təsdiqləyərək, oğullarının "Qüdsün və Məscidül-Əqsanın azad edilməsi yolunda şəhid olduqlarını" deyib.

O, "Cinayətkar düşmən qisas və qətl ruhu ilə hərəkət edir və heç bir qanuna əhəmiyyət vermir" deyib.

Onun oğulları Qəzzada altı aydır davam edən İsrail-HƏMAS müharibəsində indiyədək öldürülən ən yüksək profilli şəxslərdəndir. İsrail ordusu üç qardaşın bölmə komandiri və hərbi əməliyyatçılar olduğunu bildirib.

Forum

XS
SM
MD
LG