Accessibility links

Blinken: Qəzzaya yardım çatdırılmasında irəliləyiş var, İsrail daha çox iş görməlidir


Qəzzaya havadan yardım atılır
Qəzzaya havadan yardım atılır

ABŞ dövlət katibi Antoni Blinken bazar ertəsi Qəzzaya humanitar yardımın çatdırılmasında irəliləyişlərin olduğunu deyib və əlavə edib ki, İsrail bu yolda daha çox iş görməlidir.

Ər-Riyadda Körfəz Əməkdaşlıq Şurasında etdiyi çıxışı zamanı Blinken Qəzzada humanitar böhranın yüngülləşdirilməsinin ən yaxşı yolunun atəşkəs olduğunu deyib.

"Yeni keçidlərin açılması və Qəzzaya və Qəzza zolağı daxilinə yardımın həcminin artırılması və yaxın həftələrdə açılacaq ABŞ dəniz dəhlizinin tikintisinin sona çatması da daxil olmaqla, biz son bir neçə həftə ərzində xeyli irəliləyiş gördük. Lakin bu kifayət deyil, hələ də Qəzza və onun ətrafına daha çox yardım gərəkdir" - deyə, Blinken bildirib.

Dövlət Departamenti bazar günü Blinkenin Yaxın Şərqə səfərini genişləndirəcəyini, çərşənbə gününə qədər orda qalacağını və Səudiyyə Ərəbistanına səfər etdikdən sonra İsrail və İordaniyaya da gedəcəyini açıqlayıb.

Dövlət Departamentinin sözçüsü Metyu Miller verdiyi açıqlamada Blinkenin diqqətini Qəzzada girovların azad edilməsi, anklavlara humanitar yardımın davam etdirilməsi və ya artırılmasını təmin edəcək atəşkəs səylərinə yetirəcəyini bildirib.

Həmçinin bazar günü Ağ Evin milli təhlükəsizlik üzrə sözçüsü Con Kirbi ABC telekanalının "Bu həftə" verilişinə deyib ki, Birləşmiş Ştatlar Qəzzada İsrail və HƏMAS militantları arasında təxminən yeddi aya yaxındır davam edən müharibədə altı həftəlik atəşkəs üçün səy göstərməyə davam edir.

Atəşkəs danışıqları aylardır davam edir və vaxtaşırı razılaşmanın yaxın ola biləcəyinə dair siqnallara baxmayaraq, Kirbi müzakirələrdə hansısa irəliləyişin olduğuna dair heç nə deməyib.

Onun sözlərinə görə, İsrail ABŞ rəsmilərini Rəfaha sığınan bir milyondan çox fələstinlinin təhlükəsizliyini tam təmin edənə qədər Qəzzanın cənubundakı Rəfah şəhərinə qurudan qoşunlar göndərməyəcəyinə əmin edib.

Kirbi bildirib ki, Qəzza sahilində inşa edilən müvəqqəti Aralıq dənizi estakadası iki və ya üç həftə ərzində tamamlanacaq və həmin yolla aclıq çəkən fələstinlilərə daha çox ərzaq daşınacaq.

Gündəlik yardımın artmasına və İsrailin humanitar yardımın çatdırılması üçün şimal keçidindən və Aşdod limanından istifadə etməyə başlamasına baxmayaraq, Qəzzada humanitar böhran hələ də ağır olaraq qalır.

Birləşmiş Ştatlar dənizdən humanitar dəhlizin yaradılması üçün tərəfdaşlarla əməkdaşlıq etsə də, Qəzzanın bütün əhalisi aclıq və qida çatışmazlığı riski ilə üzləşdiyindən bu səylər yetərli deyil.

Forum

XS
SM
MD
LG