Accessibility links

Beynəlxalq ictimaiyyət Anar Məmmədlinin saxlanılması ilə bağlı narahatlıq ifadə edir


Anar Məmmədli, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri
Anar Məmmədli, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri

BMT-in insan hüquqları müdafiəçiləri üzrə xüsusi məruzəçisi Meri Loulor aprelin 29-da hüquq müdafiəçisi Anar Məmmədlinin saxlanılması ilə bağlı xəbərlərdən narahatlıq ifadə edib.

“Tanınmış hüquq müdafiəçisi və Azərbaycanda Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədrinin bu gün polis tərəfindən saxlanılması ilə bağlı narahatedici xəbərlər eşidirəm”, BMT-nin xüsusi məruzəçisi X sosial şəbəkəsində yazıb.

Hüquq müdafiəçisi, seçki hüququ üzrə tanınmış ekspert Anar Məmmədli aprelin 29-da saxlanılıb. Yaxınlarının və vəkilinin məlumatına görə, bazar ertəsi polis Məmmədlinin və atasının evində axtarış həyata keçirib.

Azərbaycanın Daxili İşlər Nazirliyi Anar Məmmədlinin saxlanılmasını təsdiqləsə də, onun hansı ittiham əsasında saxlanılması hələ məlum deyil.

Məmmədlinin saxlanılması ABŞ Dövlət katibi Antoni Blinkenin ötən gün Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığında Azərbaycanı “haqsız yerə həbs edilənləri” azad etməyə çağırması, Almaniya Kansleri Olaf Şoltsun aprelin 26-da İlham Əliyevlə görüşdə insan hüquqları məsələsini “diqqətlə” müzakirə etdiklərini və “Azərbaycan insan haqlarına hörmət etməlidir” deməsi, həmçinin Avropa Parlamentinin aprelin 25-də Azərbaycanda siyasi təqibləri pisləyən qətnamə qəbul etməsindən sonraya təsadüf edir.


Anar Məmmədlinin saxlanılması ilə bağlı bir sıra beynəlxalq insan hüquqları təşkilatları, o cümlədən Freedom House, Human Rights Watch (HRW) və Freedom Now da narahatlıq ifadə edib.

Freedom House təşkilatı ötən həftə jurnalist İmran Əliyevin həbsi və işgəncələrə məruz qalması ilə bağlı xəbərlərin və bu gün Anar Məmmədlinin həbsinin müstəqil mediaya və vətəndaş cəmiyyətinə qarşı davam edən basqıları nümayiş etdirdiyini vurğulayıb.

Azərbaycanın COP29-İqlim dəyişikliyi konfransına ev sahibliyinə diqqət çəkən HRW-nin Avropa və Mərkəzi Asiya üzrə direktoru Reyçel Denber Məmmədlinin dərhal azad edilməli olduğunu deyib.

“Jurnalistlərin, vətəndaş cəmiyyəti fəallarının ard-arda həbsi və qarşıdan gələn COP29-a ev sahibliyi etməyə hazırlaşdığı vaxtda diqqətlərin Azərbaycanın üzərində olmasına baxmayaraq, hakimiyyət tanınmış fəal Anar Məmmədlini saxlayıb. Həqiqətən utanmaz bir addımdır. O, dərhal azad edilməlidir”, Denber X səhifəsində yazıb.

Freedom Now insan hüquqları təşkilatı da Anar Məmmədlinin həbsi ilə bağlı narahatlıq ifadə edib və onun dərhal azadlığa buraxılmasına çağırıb.

“Bu gün Azərbaycanda hüquq müdafiəçisi və vətəndaş cəmiyyəti lideri Anar Məmmədlinin həbs edilməsi ilə bağlı yayılan xəbər bizi dərindən narahat edir. Onun həbsinin səbəbi və harada olduğu məlum deyil. Biz onu dərhal azad etməyə çağırırıq”, Freedom Now qeyd edib.


SMDT-nin təsisçilərindən olduğu Avropada Hüquqların Müdafiəsi Kampaniyası (CURE) isə Avropa Şurasının Baş katibinə və Nazirlər Komitəsinə çağırış edərək Anar Məmmədlinin sərbəst buraxılması üçün Avropa Şurasının “cəld və güclü reaksiyası”na ehtiyac olduğunu qeyd edib.

“Avropa Şurası üzvü olan Azərbaycanda vətəndaş fəalı Anar Məmmədlinin sərbəst buraxılması üçün Avropa Şurasının cəld və güclü reaksiyası tələb olunur. O, tanınmış, seçkilərin monitorinqi və demokratiyanın təbliği sahəsində fəaliyyətinə görə təqdir edilən hüquq müdafiəçisidir. 2014-cü ildə AŞPA-nın Vaslav Havel mükafatını alıb. Reaksiya Assambleyaya həvalə edilməməlidir, AŞ rəhbərliyi, Baş katib Mariya Peyçinoviç Buriç və Lixtenşteynin rəhbərlik etdiyi Nazirlər Komitəsi də hərəkətə keçməlidir”, CURE vurğulayıb.

Anar Məmmədli Azərbaycanda seçki hüququ sahəsində ixtisaslaşmış qeyri-hökumət təşkilatının rəhbəridir. O, seçkilərlə bağlı tənqidi hesabatların müəllifidir. Məmmədli ATƏT-in Demokrtatik Təsisatlar və İnsan Haqları Bürosunun beynəlxalq seçki monitorinq missiyasının tərkibində bir neçə ölkədə müşahidə aparıb.

Məmmədli bu il fevralın 20-də ölkədə vətəndaş azadlıqlarının, ictimai iştirakçılığın təmin olunması və ətraf mühitdə ədalətin bərqərar olunması təşəbbüsü ilə təsis edilən COP29 - Ədalət Mühiti Təşəbbüsünün (COP29 - Cimate of Justice Initiative) təsisçilərindəndir.

Son zamanlar hökumətyönümlü hesab edilən medialarda, həmçinin Rusiyanın “Sputnik Azərbaycan” saytında Anar Məmmədli də daxil olmaqla, bir sıra şəxslər barədə ittihamedici məqalələr dərc edilib.

Forum

XS
SM
MD
LG