Accessibility links

Zelenski Qərbi Ukraynaya əlavə hava hücumundan müdafiə sistemlərinin tədarükünü tez zamanda çatdırmağa çağırıb


Arxiv fotosu - Ukrayna hava hücumundan müdafiə qüvvələrinin əsgərləri Kyiev yaxınlığında silahları yoxlayır, 3 yanvar 2024.
Arxiv fotosu - Ukrayna hava hücumundan müdafiə qüvvələrinin əsgərləri Kyiev yaxınlığında silahları yoxlayır, 3 yanvar 2024.

Ukrayna prezidenti Volodimir Zelensky yenidən beynəlxalq ictimaiyyətə müraciət edərək, əlavə hava müdafiə sistemlərinin tədarükünü tələsdirməyə, ölkənin Avropa İttifaqına daxil olması ilə bağlı rəsmi müzakirələrə başlamağa və Ukraynanı NATO-ya dəvət etməyə çağırıb.

Zelenski dəfələrlə Kyivə yeni hava hücumundan müdafiə sistemləri, xüsusən də Patriot sistemləri verilməsini istəyib.

Ukrayna prezidenti Nümayəndələr Palatasında azlıqda olan demokratların lideri Hakim Cefris ilə telefon söhbəti apardığını və yardım paketini qəbul etdiyinə görə Konqresə təşəkkür etdiyini bildirib, lakin əlavə edib ki, Ukrayna öz mövqeyini saxlamağa və Rusiyanın planlarını pozmağa imkan verəcək çatdırılma sürətinə nail olmaq üçün bütün tərəfdaşları ilə işləyir.

“Biz hələ də Ukraynaya vəd edilən tədarükləri gözləyirik”- deyə, Zelenski bazar günü axşam videomüraciətində bildirib. “Biz Ukraynanın maraqlarına uyğun olaraq döyüş meydanındakı vəziyyəti dəyişə biləcək həcm və miqyas gözləyirik”, o deyib.

Ukrayna prezidenti əlavə edib ki, o, Cefrislə söhbətində “Patriot sistemlərinin ən qısa zamanda zəruri olduğunu” vurğulayıb.

Ukraynanın Aİ-yə daxil olması ilə bağlı Zelenski bildirib ki, Kyiv üzvlük haqda danışıqlara başlamaq üçün bütün şərtləri yerinə yetirib və “indi Aİ öz öhdəliklərini yerinə yetirməlidir”.

İki il əvvəl Rusiyanın ölkə ərazisinə genişmiqyaslı müdaxiləsindən sonra əksər Avropa ölkələrindən güclü dəstək alan Ukrayna Avropa İttifaqına üzv olmaq üçün namizəd statusuna malikdir.

Ukraynanın NATO-ya daxil olması məsələsinə toxunan Zelenski ümumi dəyərləri paylaşan və onları müdafiə etməyə hazır olan hər bir ölkənin “müttəfiqliyə dəvətə layiq olduğunu” vurğulayıb.

Aprelin 4-də dövlət katibi Antoni Blinken Ukraynanın sonda NATO-ya üzv olacağını bildirib.

Zelenski iyunun 15-16-da İsveçrədə keçiriləcək sülh sammitini qeyd edərək, sülh perspektivləri ilə bağlı nikbin olduğunu bildirib.

Forum

XS
SM
MD
LG